Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Bankında faiz dərəcələrinin artırılması siqnalları güclənir.
Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankının idarə heyətinin üzvlərindən Kazuyuki Masu bildirib ki, iqtisadiyyatda aydın zəifləmə əlamətləri müşahidə olunmadığı halda faiz dərəcələri mümkün olan ən qısa müddətdə artırılmalıdır.
Masunun açıqlamaları aprel ayında keçirilən pul siyasəti toplantısında fikir ayrılıqlarının yaşandığını da üzə çıxarıb. Faizlərin sabit saxlanılması istiqamətində səs verən Masunun fikirləri onun iyun ayında keçiriləcək növbəti iclasda faiz artımını dəstəkləyən üzvlərə qoşula biləcəyinə işarə edir.
Masu çıxışında deyib: “Şəxsən mən mövcud vəziyyətin tələsik faiz artımını tələb etmədiyini düşünürdüm.” Bununla yanaşı o bildirib ki, əgər açıqlanan göstəricilər iqtisadiyyatda ciddi durğunluğa işarə etməzsə, “faizlərin mümkün olan ən erkən mərhələdə artırılmasının məqsədəuyğun olduğuna inanıram.”
Yaponiya Mərkəzi Bankı ötən ay əsas faiz dərəcəsini 0,75 faiz səviyyəsində sabit saxlamışdı. Lakin doqquz nəfərlik idarə heyətinin üç üzvü qərara etiraz edərək faiz dərəcəsinin 1 faizə yüksəldilməsini müdafiə etmişdi. Bu vəziyyət İran müharibəsinin yaratdığı enerji şokunun inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları artırdığını göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!
