Yanacağın qiymətinin dəyişməsi iqtisadiyyata necə təsir edəcək? – Sabiq maliyyə nazirindən açıqlama | Banco.az

Yanacağın qiymətinin dəyişməsi iqtisadiyyata necə təsir edəcək? – Sabiq maliyyə nazirindən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin nəticəsində yerli bazarın benzinə olan təlabatı Avro-5 standartlarına uyğun təmin ediləcək”.

Bu fikirləri Banco.az-a iqtisad elmləri doktoru,keçmiş maliyyə naziri Fikrət Yusifov deyib. 

Mütəxəssis hesab edir ki,  qərardan sonra keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxacaq və bütövlükdə yanacaq sərfi aşağı düşəcəkdir:

“Atılan bu addım COP29-a ev sahibliyi edəcək ölkəmizin müəyyən etdiyi kursa tam uyğundur.

Dizel yanacağı ekologiyanı daha çox korladığından, onun qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addım hesab edilir. Bu yanacaq növünün qiymətinin benzinin qiymətinə yaxınlaşdırılmasını şərtləndirən daha bir  səbəb ekologiyanı daha çox çirkləndirən yanacaq ilə işləyən avtomobillərin ölkəmizə idxalında müşahidə edilən artımdır.
Dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiymətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Fikrət Yusifov aparılmış araşdırmalara əsasən qeyd edib ki,  kasıb ölkələrdə və neft hasil edən ölkələrdə bir qayda olaraq yanacağın qiymətləri daha ucuz, inkişaf etmiş ölkələrdə isə bu qiymətlər daha yüksəkdir.

Hazırda yanacağın qiymətində edilən son dəyişikliyin iqtisadiyyata təsirləri barədə danışan mütəxəssis onu da bildirib ki, Aİ-95 markalı benzinin yeni qiyməti dünyanın əksər ölkələrində və hətta MDB məkanındakı ölkələrin çoxunda həmin markadan olan benzinin qiymətindən çox aşağıdır:

“Aİ-92 markalı benzinin istehsalı və satışı dünyanın bir çox ölkələrində artıq çoxdan dayandırılıb. Yəni indi dünyada avtomobilər üçün daha çox Aİ-95 markalı benzindən istifadə olunur. Azərbaycanda bu markalı benzin istehsal edilmədiyindən, biz onu idxal edirdik. İdxal isə baha başa gəldiyindən həmin benzinin 1 litrinin pərakəndə satış qiyməti 2 manat təşkil edirdi. Neft emal zavodunun yenidən qurulması ilə bu markadan olan benzinin yerli xammal hesabına istehsalı onun qiymətini 40 qəpik ucuzlaşdırmağa imkan verdi. Yaxın gələcəkdə Azərbaycanda daha çox avtomobillərin Aİ 95 benzinindən istifadə edəcəyini nəzərə alsaq, onun qiymətinin 20% ucuzlaşdırılmasını hökumətin benzinin qiymətlərinin insanlarımızın büdcəsinə uyğunlaşdırılması istiqamətində bir addımı kimi dəyərləndirə bilərik”.

Ən sərfəli krediti almaq üçün müraciət et