Müəllif: Gülnar Əhmədli, Banco.az
Şəxsi maliyyənin idarə edilməsi insanın maliyyə sabitliyini qorumaq məqsədilə həyata keçirdiyi pul əməliyyatlarını əhatə edir. Bu gün şəxsi məqsədlərə çatmaq və müxtəlif təşəbbüsləri reallaşdırmaq üçün kifayət qədər maliyyə imkanlarına sahib olmaq vacibdir. Bunun üçün isə gəlir və xərcləri düzgün idarə etmək, büdcəni planlaşdırmaq və qənaət vərdişləri formalaşdırmaq lazımdır.
Banco.az xəbər verir ki, şəxsi maliyyəni daha səmərəli idarə etmək üçün diqqət yetirilməli olan 5 əsas məqam var.
1. Qazandığınızdan çox xərcləməyin
Şəxsi maliyyənin idarə edilməsində ən vacib və sadə addımlardan biri qazandığınızdan çox, imkan daxilində isə daha az xərcləməkdir. Mövcud büdcəni aşan xərclər borclanmağa və zaman keçdikcə maliyyə çətinliklərinin artmasına səbəb ola bilər.
Bəzi insanlar gələcəkdə əldə edəcəkləri gəlirlə borclarını ödəyə biləcəklərini düşünərək indidən borclanırlar. Bu isə maliyyə idarəçiliyində ən çox yol verilən səhvlərdən biridir. Xərcləmə vərdişlərini dəyişmək asan olmasa da, borcların və onların üzərinə gələn faizlərin yaratdığı maliyyə və psixoloji gərginlik daha ciddi problemlərə yol aça bilər.
Buna görə də xərcləri mütəmadi nəzərdən keçirmək, lazımsız alış-verişi azaltmaq və maliyyə imkanlarına uyğun qərarlar vermək vacibdir.
2. Sabit xərcləri mümkün qədər azaldın
Müntəzəm olaraq həyata keçirilən ödənişlər sabit xərclər hesab olunur. İpoteka və avtomobil kreditləri, hissə-hissə ödənişlər, internet, kabel televiziyası və telefon haqları bu xərclərə daxildir.
Əgər gəliriniz sabit xərclərinizi qarşılamaq üçün kifayət etmirsə, uzunmüddətli maliyyə öhdəlikləri büdcənizə ciddi təzyiq göstərə bilər. Xüsusilə ipoteka və avtomobil krediti kimi uzun müddət ödəniş tələb edən öhdəliklərə girməzdən əvvəl maliyyə imkanlarınızı diqqətlə qiymətləndirmək lazımdır.
Sabit xərclərin azaldılması gözlənilməz vəziyyətlər zamanı maliyyə çevikliyini qorumağa və gündəlik həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almağa kömək edə bilər.
3. Büdcə hazırlayın
Xərclərə nəzarət etmək üçün büdcə hazırlamaq vacibdir. Gəlir və xərcləri planlaşdırmamaq, yaxud bunu yalnız müəyyən dövrlərdə etmək şəxsi maliyyənin idarə edilməsində yol verilən əsas səhvlərdəndir.
İlk növbədə, bütün gəlir və xərc mənbələrini qeyd edərək maliyyə vəziyyətinizi aydın şəkildə müəyyənləşdirməlisiniz. Daha sonra gəlirlərinizə uyğun xərc planı hazırlamaq və bu plana əməl etmək lazımdır.
Düzgün büdcə planlaması pulun hara xərcləndiyini müəyyən etməyə, lazımsız məsrəfləri azaltmağa və gələcək maliyyə məqsədlərinə çatmaq üçün vəsait toplamağa imkan verir.
4. Riskli investisiyalardan uzaq durun
İnvestisiya etmək maliyyə imkanlarını artırmaq üçün faydalı vasitə olsa da, riskli və mürəkkəb investisiya alətlərinə qarşı diqqətli olmaq lazımdır. Yanlış investisiya qərarı yalnız mövcud vəsaitin itirilməsinə deyil, əlavə borcların yaranmasına da səbəb ola bilər.
İnvestisiya etməzdən əvvəl seçdiyiniz alət haqqında ətraflı məlumat toplamaq, onun risklərini və mümkün gəlirliliyini qiymətləndirmək vacibdir. Kifayət qədər məlumatınız olmayan investisiya alətlərinə və başa düşmədiyiniz maliyyə strategiyalarına yönəlməmək daha sağlam qərarlar verməyə kömək edər.
5. Qənaət edin
Hər ay kiçik məbləğdə olsa belə, pul yığmaq zamanla maliyyə baxımından daha rahat vəziyyətə gəlməyinizə kömək edə bilər. Unutmayın ki, kiçik məbləğlər müntəzəm şəkildə toplandıqda əhəmiyyətli vəsaitə çevrilə bilər.
Qənaət yalnız şəxsi büdcənin qorunması baxımından deyil, israfın qarşısının alınması baxımından da əhəmiyyətlidir. Bunun ilk addımı ehtiyac olmayan məhsul və xidmətlərə çəkilən xərcləri müəyyənləşdirmək, həmçinin əlavə dəyər yaratmayan resursların səmərəsiz istifadəsindən çəkinməkdir.
Resurslardan məqsədəuyğun istifadə etmək, alış-veriş zamanı ehtiyacları düzgün qiymətləndirmək və lazımsız xərcləri azaltmaq həm qısamüddətli, həm də uzunmüddətli maliyyə vəziyyətinizə müsbət təsir göstərə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
