Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Xarici ticarət dövriyyəsi üzrə mənfi saldo şəraitində heç bir makrosabitlikdən və stabil məzənnədən söhbət gedə bilməz”.
Bu açıqlamanı Banco.az-a iqtisadçı Pərviz Heydərov edib.
Səbəblərlə bağlı danışan ekspert bildirib ki, idxal ixracdan fərqli olaraq ölkədən pul aparır və ona görə də, milli valyutanın dəyəri mütləq dərəcədə müvafiq dəstəkdən asılı olur.
Xarici ticarətdə dövriyyənin enməsinə baxmayaraq müsbət saldo qaldığını vurğulayan ekspert xatırlatdı ki, ötən il ölkəmizdən ixrac 33 milyard 898 milyon 554 min dollar, ölkəmizə idxal isə 17 milyard 285 milyon 344 min dollar təşkil edərək, 16 milyard 613 milyon 210 min dollar müsbət saldo qeydə alınıbsa, 2022-də bu rəqəmlər ixrac üzrə 38 milyard 146 milyon 630 min dollar, idxal üzrəsə 14 milyard 539 milyon 858 min dollar təşkil etməklə, 23 milyard 606 milyon 771 min dollara bərabər olmuşdu.
“Qeyd olunur ki, bu, iqtisadiyyatın neft-qaz sektoruna aid məhsulların ixracın azalması ilə əlaqədardır. 2023-cü ildə neft-qaz sektoruna daxil mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min dollar və ya 13% azalıb ki, bunda həm ölkə daxilində hasilatın enməsiylə əlaqədar həcmin, həm də qlobal bazarlarda qiymətlərin ucuzlaşması ilə bağlı dəyərin rolu var. Yeri gəlmişkən, 2022-ci ildə neft-qaz sektoruna aid məhsulların ixracının ölkədən ümumi ixracda payı və yaxud çəkisi 92,01% təşkil edirdisə, keçən il bu rəqəm 90,12%-ə düşüb. Ancaq, qeyri-neft-qaz sektoruna aid məhsulların ixracı isə artıb. Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 2022-ci il ərzində statistik dəyər baxımından 3 milyard 047 milyon 673 min 180 dollar təşkil etmişdisə, ötən ilin sonuna 9,8% artaraq 3 milyard 348 milyon 046 min 930 dollar olub. Və sözügedən məhsullar 2022-ci il üzrə ümumi ixracda 7,99% pay tuturdusa, 2023-də bu rəqəm 9,88%-ə qalxıb.
Əlbəttə, bu göstəricilər müsbət tendensiyadır. Ancaq nəzərə almaq vacibdir ki, neft-qaz sektoruna aid məhsulların ixracda payı o qədər yüksək səviyyədədir ki, onun azalması ilə neft-qaz sektoruna daxil məhsulların ixracda artması tempi arasında gərək ciddi fərq olsun”.
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda illik artım tempi üzrə bəlli bir sürət səviyyəsi olduğunu ifadə edən iqtisadçı bildirib ki, 2024-cü il ərzində ölkəmizin neft-qaz sektorunda 1,7% azalma, qeyri-neft-qaz sektorunda isə 4,6% artım gözlənilir:
“Xarici ticarətdə müsbət saldo iqtisadiyyatda dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən sayılır. Maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliliyi, istehsalda artım tempi və sair bunun əsasında dayanır. Bizdə isə, neft-qaz üzrə ixrac ölkədə xam neft hasilatının enməkdə olması ilə əlaqədar həm həcm, həm də dəyər nöqteyi-nəzərindən azaldığından, üstəlik də idxalın artması və genişlənməsi də ardıcıl və dayanıqlı xüsusiyyət kəsb etdiyindən xarici ticarətdə müsbət saldonun daha tez əldən getməsi təhlükəsi getdikcə daha ciddi xarakter alır.
Neft-qaz sektoru üzrə ixracın azalması qarşısını almaq mümkün deyil. Bu, obyektiv prosesdir və həm də dünya bazarlarında vəziyyətlə əlaqədar tendensiyadır. Qeyri-neft-qaz sektoruna gəldikdə isə, bu sahədə inkişaf və ixracı genişləndirmək zaman tələb edir”,- deyə Pərviz Heydərov yekunlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!