Müəllif: Rəşad Camalov, PWC
Effektiv audit, daxili və ya xarici olmasından asılı olmayaraq, maliyyə hesabatlarının keyfiyyəti və biznesın düzgün təşkili üçün çox vacibdir.
Xarici auditor, şirkətin maliyyə hesabatlarının düzgünlüyünü yoxlayan müstəqil mütəxəssislərdir. Audit prosesinin sonunda auditor, audit olunan şirkətin maliyyə vəziyyətini, maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olması və hesabatların dolğun və dəqiq əks etdirilməsi barədə rəy bildirir.
Bu məlumatlar səhmdarlar, potensial investorlar, banklar, kommersiya tərəfdaşları və s. təşkilatlar tərəfindən, iqtisadi qərarlar vermək üçün istifadə olunur. Rəy bildirmədən əvvəl, auditorlar hesabatları qiymətləndirir və lazımı dəyişiklikləri müəssisə rəhbərləri ilə razılaşdırır.
Xarici auditorun əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- Maliyyə hesabatlarının düzgünlüyünü şübhə altına atacaq amilləri müəyyən etmək (məsələn, saxtakarlıq və maxinasiya ola biləcək bölmələri təyin etmək),
- Hesabatların düzgün olub-olmadığını müəyyən etmək üçün testlər icra etmək (məsələn, seçilmiş əməliyyatların sənədlərini yoxlamaq, hesablamalar aparmaq), və
- Hesabatlar üzərində daxili nəzarətin səmərəliyini müəyyən etmək (Məsələn, nəzarətin reallıqda necə işləməsini müşahidə etmək).
- Şirkət rəhbərlərinə uçot qaydalarının inkişafı barədə məsləhətlər vermək.
İlkin mərhələdə, audit prosesi üçün hazırlıqlar görülür. Bu səbəbdən, mütəxəssislər, müəssisənin iş prosesi, strukturu ilə tanış olur. Bu proses zamanı, auditorlar şirkət rəhbərləri və departament müdirləri ilə görüşlər keçirir, maliyyə hesabatlarının hazırlanması prosesi və bu prosesə nəzarət, və şirkətin gələcək planları haqqında məlumatlanır.
Növbəti mərhələdə əməliyyatların əhəmiyyətlilik əmsalı və risklər hesablanır.
- Əməliyyatların əhəmiyyətlilik əmsalı ingilis dilində “materiality” sözündən götürülüb. Əhəmiyyətlilik əmsalı, müəssisənin növündən asılı olaraq, gəlir, mənfəət, aktivlər və ya başqa bir göstəricinin faiz nisbəti kimi hesablanır. Audit prosesi zamanı, bu nisbətdən aşağı məbləğlərə məhəl qoyulmur.
- İkinci amil, risklərin dəyərləndirilməsidir. Audit Riski dedikdə, maliyyə hesabatlarında ola biləcək səhvlərin və saxtakarlıqların ehtimalı nəzərdə tutulur. Əgər bu ehtimal yüksəkdirsə, bu zaman mütəxəssislər, audit prosesini daha dərindən aparır.
Bütün amillər nəzərə alındıqdan sonra, audit prosesi başlayır. Bu zaman, mütəxəssislər əsasən aşağıda qeyd olunmuş amillərə nəzər yetirirlər:
- Qeyd olunmuş əməliyyatların həqiqətdə baş verib-verməməsi
- Baş vermiş hər bir əməliyyatın uçotda əks olunub-olunmaması
- Əməliyyatlarda qeyd olunmuş məlumatların (məbləğ, tarix, təsvir və s.) düzgünlüyü
- Əməliyyatların düzgün dövrdə qeydə alınıb-alınmaması
- Hesabatlarda əks olunmuş aktiv, öhdəlik, və kapitalın həqiqətdə mövcudluğu və s.
Yuxarıda qeyd olunmuş amilləri aydınlıq gətirmək məqsədi ilə, auditorlar iki texniki prosesdən istifadə edirlər.
- Test – Bu proses zamanı, mütəxəssislər seçilmiş əməliyyatlar üzrə sənədləri yoxlaya, prosesi müşahidə edə, üçüncü tərəflərdən məlumat ala, yenidən hesablamalar apara bilər.
- Analitik proseduralar - Bu proses zamanı, mütəxəssislər təhlillər apararaq hansı məlumatın normal, hansının gözlənilməz olduğuna qərar verir. Buna misal kimi, audit olunan şirkətin maliyyə əmsallarının, eyni sənayedə çalışan başqa şirkətlərlə üzləşdirilməsi göstərilə bilər. Azərbaycan şirkətlərinin maliyyə məlumatları çox vaxt gizli olduğundan, analitik proseduraların aparılmasında məhdudiyyətlər yaranır. Bu səbəbdən, çox vaxt üstünlük birinci prosesə verilir.
Audit prosesinin son mərhələsi, əldə olunan nəticələri qiymətləndirmək və nəticəyə uyğun rəy bildirməkdir. Bu rəy hesabatların həqiqəti əks etdirib-etdirməməsi haqqında bildirişdir. Bildirilmiş rəy, audit şirkətlərinin əsas məhsulu kimi də qiymətləndirmək olar. Əlavə olaraq, audit prosesi zamanı nəzərə çatan boşluqlar, və bu boşluqlara nəzarətin gücləndirilməsi haqqında şirkət rəhbərlərinə məsləhətlər verilir.
Onu da qeyd etmək lazımdır ki, xarici auditorlar müstəqil mütəxəssislərdir. Başqa sözlə ifadə etsəm, auditor potensial investorlar, səhmdarlar, və ya dövlət müəssisələrinin işçiləri deyil. Qeyd olunmuş təşkilatlar, audit rəyindən istifadə etməsinə baxmayaraq, audit prosesinin heç bir mərhələsinə təsir göstərə bilməz.