Bu günə qədər Azərbaycanda vergi sahəsində 74 məqsədli proqram reallaşdırılıb. Bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən "Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu" adlı dəyirmi masada deyib.
Ə.Məmmədovun sözlərinə görə, ötən 10 ildə vergi daxilolmalarının həcmi 8 dəfədən çox artıb: "Əgər 2003-cü ildə vergi daxilolmalarının həcmi 823,4 mln. manat idisə, 2014-cü ildə bu rəqəm 7,113 mlrd. manata çatıb".
Qurum rəsmisi bildirib ki, Azərbaycanda ÜDM-in həcmi 7 mlrd. manatdan 58 mlrd. manata qalxıb: "2000-ci ildə Vergi Məcəlləsi qəbul edilib və 2001-ci ildən tətbiqinə başlanılıb. Bu vaxta qədər Vergi Məcəlləsinə dəyişiklik edilməsi üzrə 39 qanun qəbul olunub. Ümumilikdə isə 834 bənd üzrə dəyişiklik qeydə alınıb. Vergilər Nazirliyi ümumilikdə 62 xidmətin elektronlaşdırılmasını qarşıya məqsəd qoyub. Onlardan hazırda 59-u uğurla reallaşıb".