Müəllif:Mehin Qasımova,Banco.az
Yaddaş çiplərinin bahalaşması qlobal smartfon bazarında qiymət artımına səbəb olub.
Banco.az xəbər verir ki, bu ilin əvvəlindən etibarən smartfonların orta qiyməti təxminən 15 faiz yüksəlib.
Counterpoint şirkətinin 4 mindən çox smartfon modelinin qiymətləri əsasında apardığı araşdırmaya görə, bu günə qədər modellərin 40 faizindən çoxunun qiyməti artıb. Bu, smartfon sənayesində ilk dəfə belə genişmiqyaslı qiymət artımı qeydə alındığını göstərir.
İstehsalçıların artan komponent xərclərini istehlakçılara ötürməsi nəticəsində bəzi smartfon modellərinin qiyməti isə təxminən iki dəfə yüksəlib.
Ən böyük qiymət artımı Hindistanda 21 faiz, Asiya-Sakit okean regionunda 19 faiz, Yaxın Şərq və Afrikada isə 18 faiz təşkil edib. Çində smartfonların qiyməti 10 faiz, Avropada 7 faiz, ABŞ-da isə 5 faiz artıb. ABŞ-da bahalaşma əsasən yeni modellərin qiymətlərində müşahidə olunub.
Counterpoint-in tədqiqat direktoru Tarun Pathak bildirib ki, yaddaş çiplərinin qiyməti artıq smartfonların yekun qiymətinin formalaşmasında əsas amillərdən birinə çevrilib.
Onun sözlərinə görə, artan qiymətlər istehlakçıların davranışına da təsir göstərir. İstehlakçılar yeni telefon almaq əvəzinə cihazlarını daha uzun müddət istifadə edir, böyük endirim kampaniyalarını gözləyir və ya işlənmiş smartfon bazarına üz tuturlar.
Araşdırma 4 mindən çox smartfon modelinin qiymətləri əsasında aparılıb.
