Prezident qızıl almayın dedi: Xalq bunun əksini etdi | Banco.az

Prezident qızıl almayın dedi: Xalq bunun əksini etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistanda hökumətin qızıl alışını azaltmaqla bağlı çağırışlarına və idxal vergisinin artırılmasına baxmayaraq, qiymətli metala tələbat əhəmiyyətli dərəcədə artıb.

Banco.az xəbər verir ki, ölkədə zərgərlik məmulatlarının satışı ilin ikinci rübündə 30 faiz yüksəlib.

Dünya Qızıl Şurasının məlumatlarına görə, Hindistanda zərgərlik satışları ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artaraq 21 milyard dollara çatıb.

Tələbatın yüksək olması Hindistan hökumətinin qızıl alışını azaltmaq istiqamətindəki çağırışlarına baxmayaraq baş verib. Baş nazir Narendra Modi vətəndaşları zəruri olmadığı təqdirdə qızıl almamağa çağırıb. Bununla yanaşı, hökumət qızıl idxalına tətbiq olunan vergini 15 faizə yüksəldib.

Buna baxmayaraq, ölkədə qızıla maraq azalmayıb. Hindistanın ən böyük zərgərlik pərakəndə satış şirkətlərindən biri olan Titanın mənfəəti də son rübdə 63 faiz artıb. Şirkət mağazalarında müştəri axınının yüksəldiyini bildirib.

Titan şirkətinin baş direktoru Ajoy Çavlanın sözlərinə görə, Hindistanda qızıl yalnız zinət əşyası kimi deyil, həm də investisiya və sərvətin qorunması vasitəsi kimi istifadə olunur.

O bildirib ki, dini festivallar və yay toy mövsümü də ölkədə qızıla olan tələbatın artmasına təsir göstərən əsas amillərdəndir.

Hindistan dünya üzrə qızıl zinət əşyalarına olan tələbatın təxminən üçdə birini təşkil edir. Bu səbəbdən ölkədə qızıla tələbatın dəyişməsi qlobal qızıl bazarı üçün də mühüm göstəricilərdən biri hesab olunur.