Nadir Adilov: “Planlaşdırmanın müddətindən asılı olmayaraq, işini həmişə birinci yerə qoymalısan”
"Vaxt qızıldır” deyirlər, amma bəzən biz öz vaxtımızı düzgün planlaşdırıb, onu "qızıl”a çevirə bilmirik. Buna görə də "işlərim çoxdur, çatdıra bilmirəm” tipli sözləri çox adamdan eşidirik. Bəzən elə insanlarla qarşılaşırıq ki, nə qədər çox işi olsa da, vaxt çatışmazlığından şikayət etmir. O cür adamlarla söhbət edərkən bildirirlər ki, vaxtı düzgün idarə edəndə, heç bir problem olmur. Bəs, vaxtımızı necə planlayaq ki, sonra "vaxtım yoxdur” deməyək?
Bu mövzuda suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müşaviri, hüquqşünas Nadir Adilova ünvanladıq. O, fikrinə ibrətamiz hekayə ilə başladı: "Təsəvvür edin ki, bir vedrəniz var. Əvvəlcə onu iri daşlarla doldurursunuz. İlk baxışda boş yer qalmır. Sonra boşluqları xırda daşlarla doldurursunuz. Bundan sonra qum tökürsünüz, lap sonda isə su. Vedrə indi doğrudan da doludur. İri daşlar ən vacib işləri təcəssüm etdirir. Əvvəl vedrənizi (yəni vaxtınızı) su və ya qumla (lazımsız işlərlə) doldursanız, önəmli işlərə vaxtınız qalmayacaq. Qədim yunan filosofu Seneka deyirdi ki, hara üzəcəyini bilməyənə səmt küləyi əsməz. Odur ki, planlı yaşamağı vərdiş halına salmağı öyrənmək lazımdır”.
N.Adilovun sözlərinə görə, vaxtın idarə olunması insanın, ömrünü robot kimi keçirməsi demək deyil: "Gənclərdən danışsaq, hər biri canlı, enerjisi aşıb-daşan, həyatda öz yerini axtaran adamdır. Bir şeyi digərinə qurban vermək olmaz. Amma "hələ vaxta çox var” da deyib, fəaliyyətsiz oturmaq da düz deyil. Bir qədər dərinə gedərək, dəqiqləşdirək. Hansı vaxta? O vaxt nə vaxt gələcək? O vaxtın gəlişini necə biləcəksən? Hər iş öz vaxtında gözəldir. Planlarını gerçəkləşdirmək üçün ideal zamanın gəlməsini və şəraitin yaranmasını gözləyərək, sonda heç nəsiz qalmaq da olar. Planlaşdırma həyatını asanlaşdırır. Nəyi nə vaxt etmək, nə vaxt harada olmaq, bütün bunlar çox vacibdir. Normal planlaşdırma ilə bir gənc 10-12 il içində, hətta doktoranturanı belə bitirə, bir neçə dil öyrənə, özünə karyera qura bilər. Bu, xəyal deyil”.
Həmsöhbətim müəllifi olduğu "Gəncsən? Başla!" kitabından nümunə gətirir: "Planlaşdırma üçün əvvəlcə məşğuliyyət tapmaq lazımdır. Həm də faydalı məşğuliyyət. Ümumiyyətlə, əlimizdəki müasir texnologiyanın - istər telefon, istər planşet və ya internet imkanlarından səmərəli istifadə etməyi öyrənməyin əsl vaxtıdır. Onların nə qədər böyük fayda verə biləcəyini kəşf et Ən sərfəli kredit üçün müraciət et
mək üçün gecikmə. Ola bilər ki, telefonun "ağıllı” deyil. Belə bir telefon almaq üçün hələlik maddi imkanın da yoxdur. Onda nə dayanıbsan, gələcəkdə hər şeyin ən yaxşısına nail olmaq üçün elə indidən bir qələm və bir qeyd dəftəri götürüb plan tut. İstəyənə çarə hər zaman var, istəməyən üçün detallar bəhanədir. Bu gün hər kəsin əlində gördüyün müasir cihazların ideyası elə kağız daşıyıcılar üzərində yaranıb”.
N.Adilov deyir ki, planlaşdırmanın çox sadə, ənənəvi bölgüsü var: "Planlama gündəlik, həftəlik, aylıq, rüblük, illik, ömürlük ola bilər. Ömür plana sığmaz, ona tələsmə. Hələlik, gündəlikdən başlaya bilərik. Əvvəlcə təxmini saatlar qur. Əgər tələbəsənsə, dərs səhər 8:30-da başlayır, 14:00-da bitir. Günorta saat 2-dən sonra edəcəyin işlərin siyahısını tut və telefonuna qeyd et. Əlbəttə, güclü yaddaşa sahib olmaq əvəzolunmaz bir şeydir. Yenə də qeyd etməyə ərinmək olmaz. Ən azından, həmişə "unudan”, "işi çıxan”, "xəbəri olmayan” dostlara göstərmək üçün bu, vacibdir. Axşama qədər sən dil kursuna gedə, kitabxanada otura, idman zalında tər tökə, hansısa sərgidə, təqdimatda iştirak edə bilərsən. Arada vaxtın olsa, dostlarını toplayıb, kinoteatra get. Maraqlı bir filmin gündüz seansını niyə qaçırasan ki? Teatr tamaşaları isə adətən, axşam saat 7-də başlayır. Həftəlik plana gəldikdə isə deyə bilərəm ki, bu, daha asan olacaq. Gündəlik qəfil çıxa biləcək işlərin əvəzinə, həftə boyu və həftəsonu işləri əvvəlcədən planlaşdırmaq səni qaçaqaçdan, gecikmədən və buna görə danlanmaqdan qurtara bilər. Qeyd etdiyim fəaliyyətləri həftənin günlərinə paylaşdıra bilərsən. Məsələn, həftədə iki dəfə dil kursu, iki dəfə idman zalı, bir tamaşa, bir film, bir-iki tədbir, bəlkə ad günü şənliyinə dəvət, bəlkə şəhərdə hansısa bayram şənliyi. Həftəsonu ailə qonaqlıqları və ya tələbə yoldaşlarınla bərabər dərs oxuma saatları. Bir də görəcəksən ki, dopdolu bir həftə keçiribsən. Bütün işlərini çatdırıb görübsən və heç kimə "vaxtım yoxdur!” deyib, şikayətlənməyibsən. Aylıq və rüblük planlar üçün daha geniş düşünə bilərsən. Amma bir məsələni unutmaq olmaz. Planlaşdırma hər hansı müddətlik olursa-olsun, əsas işini həmişə birinci yerə qoymalısan”.
Sonda uzun müddətli planlaşdırma haqqında da soruşduq: "İllik planlaşdırma birillik ömrünə ümumi baxış etməyə imkan verir. Sən dəqiq bilməlisən ki, bir ilin sonunda hansı hədəflərinə çatacaqsan. Universitet təhsilini çıxıram. Bu işdə sən uğurlu olmağa borclusan. Bütün əsas öhdəliklərin yerinə yetirilmiş olmalıdır. Pulunla bərabər, vaxtınla da qənaətli davranmağa vərdiş et. Bir də, əlbəttə, dördillik tələbəlik həyatınla bağlı bir planın olmalıdır. Bu dördillik planın yerinə yetirilməsi bu gün gündəlik planda "sonra edərəm, vaxt var” deyib, təxirə saldığın işlərdən asılıdır. İndi o qədər boş vaxtın var ki, sənin yerində olmaq istərdim. Bilməlisən ki, hər yaş, insan ömrünün hər dövrü özünəməxsus qayğılar və problemlərlə gəlir. Bu gün guya tapmadığın vaxt, sabah heç üzünə baxmayacaq. Vaxt səni gözləmir, vaxt uçur. Müasir elmdə vaxtın idarə edilməsi artıq menecmentin bir sahəsi hesab edilir. "Vaxt menecmenti” ("Time management”) anlayışı vaxtın səmərəli bölüşdürülməsi vasitəsilə düzgün fəaliyyətin həyata keçirilməsi deməkdir. "Vaxt menecmenti”- zamanın idarəedilməsi kimi məşhurlaşan bu sahə təlim və seminar bazarında hökmran bir mövzuya çevrilməkdədir”.
Mənbə: kaspi.az