Vahid Əhmədov: Sahibkarların kredit alması baxımından faiz dəhlizinin aşağı olması əhəmiyyətlidir | Banco.az

Vahid Əhmədov: Sahibkarların kredit alması baxımından faiz dəhlizinin aşağı olması əhəmiyyətlidir

İyunun 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin toplantısı keçirilib. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

Mərkəzi Bankın qərarını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib ki, uçot dərəcəsinin aşağı olması ölkə iqtisadiyyatı üçün vacibdir: “Sahibkarların normal işləməsi, kredit alması baxımından faiz dəhlizinin aşağı olmasının böyük əhəmiyyəti var. Uçot dərəcəsinin endirilməsi real sektorun inkişafına təkan ola bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd edib ki, son zamanlar milli valyutanın məzənnəsinin möhkəmlənməsi istiqamətində ciddi addımlar atılıb: “Mərkəzi Bankın gəlirləri də artıb. O baxımdan, uçot dərəcəsinin aşağı salınması prosesi labüd idi”.

Banklar Assosasiyasının rəhbəri Zakir Nuriyev isə deyib ki, Azərbaycanın maliyyə bazarında yaranmış müsbət meyillər uçot dərəcəsinin azaldılmasına şərait yaradır.

O qeyd edib ki, monitar situasiya birmənalı deyil: “Amma yaranmış müsbət meyillər uçot dərəcəsinin aşağı salınmasına şərait yaradır.

Mənbə: Oxu.az