Vahid Əhmədov: Manatın məzənnəsində dəyişiklik ola bilər | Banco.az

Vahid Əhmədov: Manatın məzənnəsində dəyişiklik ola bilər

Xəbər verdiyimiz kimi, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 0,75-dən 1-1,25 faizədək artırdı. Artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FES-in bəyanatından dərhal sonra verilib.

Bəs Azərbaycanda uçot dərəcəsi və dolların məzənnəsi artacaqmı?

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı sualları cavablandırıb.

 O bildirib ki, FES-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək: “FES bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib. İstər avro, istər digər dövlətlərin milli valyutasına bu öz təsirini göstərməyə bilməz. Çünki dollar yeganə valyutadır ki, dünyanın bütün maliyyə bazarlarında fəaliyyət göstərir”.

Ən sərfəli kredit üçün müraciət et

FES-in son qərarının Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu, birbaşa olmasa da, maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər: “Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma hələlik milli vayutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. Manatın xarici valyutalara kursu maliyyə institutlarının verdiyi tələb və təkliflər əsasında, o cümlədən neftin dünya bazarındakı qiyməti, idxal-ixrac əməliyyatları ilə tənzimlənir və sonda üzən məzənnə siyasəti ilə müəyyənləşir. İnanmıram ki, yaxın günlərdə FES-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FES uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.

Mənbə: Fins.az