V. Bayramov: "Bu il Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər" | Banco.az

V. Bayramov: "Bu il Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyun aylarında xaricə 1 milyard 773 milyon 346 min dollarlıq qeyri-neft məhsulları satıb. Bu illik müqayisədə 21,6% çoxdur. Hesabat dövründə Türkiyə və Rusiya Azərbaycanın iki əsas qeyri-neft idxalçısı olub. Türkiyəyə idxalın dəyəri 512,5 milyon dollar, Rusiyaya idxalın dəyəri isə 552,3 milyon dollar olub. 

Banco.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı bildirib ki, Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır:

"Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31,1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28,9 faizə sahib olub. Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu həmçinin o deməkdir ki, ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) tutur". 

Son 3 ilin ilk yarısında Azərbaycanın Rusiya və Türkiyəyə ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri aşağıdakı cədvəldə qeyd edilib. 

I yarımil

Türkiyə (min dollar)

Rusiya (min dollar)

2023

512.543.440

552.322.460

2022

428.403.010

382.004.720

2021

309.472.660

403.800.600

Ekspertin sözlərinə görə, bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb: "Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3,5 milyard dollara yaxınlaşacağı gözlənilir.

Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram