Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib | Banco.az

Türkiyədə dolların məzənnəsi rekord səviyyəyə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi noyabrın 3-nə nisbətən 1,3% artaraq yeni tarixi maksimal həddə - 3,15 TRY/USD-yə çatıb. 

Buna səbəb Türkiyədə siyasi partiyalardan birinin (HDP) 11 deputatının tutulması, cari geosiyasi vəziyyət və qlobal maliyyə böhranı fonunda Türkiyə iqtisadiyyatında yaranan çətinliklərdir. Bununla yanaşı, İstanbul Fond Birjasının "BİST-100" indeksi bu gün ilk seansda 1 933 bənd və ya 2,52% azalaraq 74 749 bəndə enib.

"Report"un analitik qrupu hesab edir ki, dolların məzənnəsi ilin sonuna qədər 3,30 TRY/USD, 2017-ci ildə 3,80 TRY/USD, 2018-ci ildə isə hətta 4,30 TRY/USD-yə qədər yüksələ bilər. "BİST-100" indeksinin isə 60 000 bəndə qədər, yəni 20% azalması potensialı mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Analitik qrup bildirir ki, türk lirəsinin bu gün ucuzlaşması inkişaf etməkdə olan bir sıra ölkənin milli valyutalarının ucuzlaşmasına, birja indekslərinin isə düşməsinə səbəb olub. Bu gün Rusiyada bayram olduğundan rubl və Rusiya fond birjalarında dəyişiklik qeydə alınmayıb. Bazar ertəsi, noyabrın 7-də isə Rusiya maliyyə bazarlarında da mənfi tendensiyanın hökm sürəcəyi gözlənilir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşması isə öz növbəsində manata təzyiqləri artıracaq: "Yaxın günlərdə manatın məzənnəsində ucuzlaşmanın sürətlənməsinin şahidi ola bilərik. Donald Trampın ABŞ prezidenti seçilməsi durumunda isə devalvasiya prosesi inkişaf etməkdə olan ölkələrdə daha da kəskinləşə bilər".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et