Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə 3,70 lirə səviyyəsini ötüb. Buna səbəb Türkiyədə sənaye istehsalı göstəricisinin ötən ilin noyabr ayında oktyabrla müqayisədə dəyişməməsi, illik müqayisədə isə 2,7% artım göstərməsi olub. Belə ki, iqtisadçılar illik müqayisədə sənaye istehsalının 3,6% artmasını proqnozlaşdırmışdılar. Nəticədə, Türkiyənin valyuta bazarında məzənnə 3,7071 TRY/USD səviyyəsinə çatıb. Bununla da dolların məzənnəsi bu gün, yanvarın 9-da 1,6% möhkəmlənib.
"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin 2017-ci ilin ilk rübündə 3,90 TRY/USD səviyyəsinə yaxınlaşacağını, 2017-ci il ərzində isə 4,00 TRY/USD-ni keçəcəyini proqnozlaşdırır. İnkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşması əsasən yanvarın 20-də ABŞ-da keçiriləcək prezidentin inauqurasiya mərasimindən sonra baş verəcəyi gözlənilir.
Mənbə: Report.az