Digital Marketinq Konfransının (DMC2017) spikeri, ADA Universitetində digital marketinq üzrə mütəxəssis Tuğra Şükürova ilə DMC 2017 ərəfəsində müsahibə:
1. Azərbaycan marketinq bazarının xarakterik xüsusiyyətləri nələrdir? Sizcə bu bazar çox kiçik deyilmi?
Sözsüz ki, bazar ölçü olaraq kifayət qədər kiçik, müəyyən mənada homogen və konservativdir. Bunun müsbət və mənfi tərəfləri var. Mənfi cəhət olaraq onu söyləyə bilərəm ki, Rusiya və Türkiyə ilə müqayisə edəndə Azərbaycan bazarında seqmentləşmə imkanları məhduddur. Müsbət cəhət isə odur ki, “word – of – mouth” çox tez yayılır və çox effektiv tətbiq oluna bilər. Ona görə brendin reputasiyasına çox fikir vermək zəruridir. Hamı bir birini çox yaxşı tanıyır və bu o deməkdir ki, brend haqqında olan rəylər müsbət və ya mənfi olmasından asılı olmayaraq çox tez yayılır.
2. Bilirsiniz ki, marketinq bazarının böyüdülməsi üçün mütəxəssislər tərəfindən bazarın ehtiyacları mütəmadi araşdırılır, yeniliklərin təqdim edilməsi üçün cəhdlər edilir. Bunlardan biri də artıq keçirilməsinə sayılı günlər qalan DMC 2017-ni misal göstərmək olar. Tuğra xanım zəhmət olmasa, deyərdiniz DMC2017-dən gözləntiləriniz nələrdir?
DMC 2017- dən gözləntilərim çox böyükdür. Ən azından maraqlı çıxışlar dinləyib, təcrübə bölüşmək, yeni əlaqələr qurmaq və dostlar qazanmaq, ən əsası isə, DMC-yə qatılan iştirakçılara faydalı mesaj və məlumatlar ötürmək gözləntilərimin sırasındadır.
3. DMC2017-dən söz düşmüşkən mövzunuz nə olacaq?
Məncə mövzu seçimi konfransa hazırlıq prosesinin ən çətin mərhələsidir. Bu il DMC-də RTM – in bir qolu olan “weather triggered marketing” və ya havaya əsaslanan marketinq kampaniyalarından danışacam. Müsbət və mənfi cəhədləri və ən əsası düzgün istifadə strategiyaları haqqında iştirakçıları məlumatlandırmağa çalışacam. Ümid edirəm ki, maraqlı olacaq.
4. DMC 2017-də iştirak edəcək digər spikerlər ilə tanış olmusunuzmu? Tuğra xanım, sizin paneliniz digər spikerlərdən nə ilə fərqlənəcək?
Əlbəttə, spikerlərin hər biri ilə tanışlığım var və hətta bəziləri ilə birlikdə layihələr üzərində də işləmişik. Sözün düzü panel bölgüsü ilə tanış deyiləm və müqayisə etmək də istəməzdim. Zənnimcə hər bir spikerin çıxışı iştirakçılar üçün maraqlı və dəyərli olacaq.
5. Zəhmət olmasa, belə konfransların ölkə bazarı üçün əhəmiyyəti məsələsinə toxunardınız. Bu konfranslar bazara nə verir və verəcək?
DMC kimi konfranslar olduqca əhəmiyyətlidir, çünki fikir mübadiləsi üçün bir platforma rolunu oynayır. Hesab edirəm ki, bu fikir və təcrübəsi mübadiləsinin çox böyük sinergetik effektləri var. Təşkilatçılara bu imkanları yaratdıqları üçün təşəkkür edirəm!
6. Azərbaycan marketinq bazarı üçün çatışmayan nüanslar hansılardır? Bacarıqlı kadrlar, təhsil, yoxsa?
Təhsil və təcrübə. Biz 90-cı illərin əvvəlinə qədər sosializm, dövlətin iqtisadiyyat üzərində total nəzarəti olan sistemdə yaşamışıq. Marketinqdə məşhur 4P konsepsiyası var – qiymət, məhsul və onun satışı və təşviqi. 90-cı illərin əvvəlinə qədər bu qərarları dövlət verirdi – nə istehsal olunacaq, nə qədər, nə qiymətə, harada satılacaq və nə cür bazara yeridiləcək. Bu səbəbdən klassik marketinq məktəbini keçməyə imkanımız olmayib. Bu boşluğu doldurmaq üçün həddindən artıq çox oxumaq, dünyada baş verən prosesləri öyrənib, düzgün nəticə çıxarıb, yerli bazarı ona uyğun tənzimləməliyik. Artıq çox böyük irəliləyiş var, ona görə gələcəkdə vəziyyətin daha da yaxşı olacağına inanıram.
7. Ölkənin ən qabaqcıl universitetlərinin birində pedaqoq kimi fəaliyyət göstərirsiniz, tələbələrlə işləmək çətin deyil ki?
Tələbələrimi çox sevirəm, onlar enerji, kreativlik, dünyaya yeni baxış mənbəsidir. Doğrudur, hərdən elə zənn edirlər ki hər şeyi bilirlər, amma bunun üçün biz varıq, onlara bilmədikləri üfiqləri açmaq, və özümüzdən daha böyük uğur qazanmaq üçün əlimizdən gələni edirik.
8. Auditoriyanıza DMC 2017 ərəfəsində nə demək istərdiniz?
Mütləq bizə qoşulsunlar, maraqlı və faydalı olacağına əminəm!
Müsahibə üçün Sizə təşəkkür edirik.
Ülviyyə Əlizadə, Facemark.az