Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Trampın administrasiyası "Microsoft", "Adobe" və bir sıra digər texnologiya şirkətlərini xarici işçilərin daimi yaşayış icazəsi almasına imkan verən "Yaşıl kart" proqramı ilə bağlı qaydaları pozmaqda ittiham edir.
Banco.az xəbər verir ki, hökumət bu şirkətlərin proqram çərçivəsində yeni müraciətlərini qəbul etməyəcəyini açıqlayıb.
ABŞ-ın vitse-prezidenti JD Vance mətbuat konfransında Microsoft-a müraciət edərək bildirib ki, şirkət Amerika işçilərini işə götürməyə üstünlük verməlidir.
Proqramdan kənarlaşdırılan şirkətlər arasında "Capgemini", "Cognizant", "HCL", "Infosys", "Tata" və "Wipro" da yer alır. ABŞ Əmək Nazirliyinin rəsmisi Keith Sonderling bildirib ki, hökumət həmin şirkətlərin yeni və ya baxılmaqda olan daimi iş sertifikatı müraciətlərini qəbul etməyəcək.
"H-1B" vizası ABŞ-da işəgötürənlərin müvafiq ixtisaslı yerli işçilər tapmaqda çətinlik çəkdiyi sahələrdə xarici mütəxəssislərin çalışmasına imkan verir. Məlumata görə, texnologiya şirkətləri bu proqramın əsas istifadəçiləri sırasındadır və təsdiqlənən vizaların təxminən dörddə üçü Hindistan vətəndaşlarına verilir.
"Microsoft" isə ittihamlarla bağlı mövqeyini açıqlayıb. Şirkətin açıqlamasında ABŞ-dakı əməkdaşlarının böyük əksəriyyətinin amerikalılar olduğu vurğulanıb.
Şirkət bildirib ki, ötən maliyyə ilində emal edilən təxminən 6 000 "H-1B" viza müraciətinin 80%-i mövcud əməkdaşların viza statusunun uzadılması və ya dəyişdirilməsi ilə bağlı olub. Microsoft-un sözlərinə görə, yeni işçilərlə bağlı müraciətlər isə artıq ABŞ-da qanuni yaşayan və şirkətdə işləməyi seçən şəxsləri əhatə edib. Şirkət bu şəxslərin ABŞ-dakı işçi qüvvəsinin cəmi 1%-ni təşkil etdiyini qeyd edib.
