Müəllif: Tamara Mustafayeva, Banco.az
Aparıcı texnologiya şirkətlərinin rəhbərlərinin səhm satışı sürətlənib.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumatda deyilir ki, “Amazon”un rəhbəri Ceff Bezos, “Meta”nın rəhbəri Mark Zukerberq və “Palantir Technologies” şirkətinin baş direktoru Piter Til də daxil olmaqla texnologiya şirkətlərinin baş direktorları ilin birinci rübündə şirkətlərində səhm satışı həyata keçiriblər.
“Financial Times”ın tərtib etdiyi məlumatlara görə, ilin birinci rübündə daxili səhm satışı 2021-ci ilin birinci rübündən bəri ən yüksək səviyyəyə çatıb.
Belə ki, Til bu ay öz şirkətində 175 milyon dollarlıq səhm satıb. Ceff Bezos da cari ilin fevralında 8,5 milyard dollar dəyərində 50 milyon səhm satışı həyata keçirib.
Zukerberqin səhm satışı isə 135 milyon dollar təşkil edib. Xatırladaq ki, Zukerberq 13,5 faiz səhm bölgüsü ilə “Meta”nın ən böyük səhmdarıdır.
Qeyd edək ki, ekspertlər bu vəziyyətin bazar proqnozları baxımından müsbət olmadığını düşünürlər. “Financial Times”a müsahibə verən Delaver Universitetindən Çarlz Elson belə satışların heç vaxt müsbət siqnal ola bilməyəcəyini vurğulayaraq bildirib ki, bu vəziyyət şirkət rəhbərlərinin maliyyə vəsaitlərini idarə etdikləri müəssisələrdən çıxarmağın daha yaxşı olduğunu düşündüklərini göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!