Texnolgiyanın həyatımızı formalaşdırmağından davamlı olaraq bəhs edirik. Lakin, vəziyyət artıq elə bir hal alıb ki, texnologiya həyatımızı asanlaşdırmaq və bizə fayda gətirməkdən çox bizə hökmranlıq edir. Bu da texnologiya aludəçiliyinin yaranmasına səbəb olur. Hətta texnologiya aludəçiliyi çərçivəsində dəyərləndirə biləcəyimiz kompüter və video oyunlara aludəçilik, Dünya Səhiyyə Təşkilatı tərəfindən “Beynəlxalq Xəstəlik Təsnifatı”-na daxil edildi və rəsmi olaraq xəstəlik kimi tanındı. Texnologiya aludəçiliyi problemi, qısa bir müddət əvvəl rəqəmsal sağlamlığa yönələcəyini bildirən “Google” tərəfindən də tanındı.
Texnologiya aludəçiliyi problemi hər ötən gün daha çox nəzərə çarpsa da, istifadəçilər hələ də texnologiyanın asılılığı asanlaşdırmaq məqsədilə necə tərtib edildiyini tam olaraq başa düşmürlər. Dünya İqtisadi Formu (WEF) isə ötən günlərdə yayımladığı yazıda, rəqəmsal medianın istifadəçiləri asılı hala salmaq üçün istifadə etdiyi bəzi üsul və vasitələri əks etdirir.
Qeyri-ixtiyari daxil olma istəyi
Sosial şəbəkələr,onlayn alış-veriş və oyun saytları istifadəçilərin geri qayıtmalarını təmin etmək üçün bəzi inandırıcı və motivasiya edici üsullardan istifadə edirlər. Bunlar nadirlik (qısa bir müddət ərzində mövcud olan və sizi dərhal onlayn olmağa sövq edən bir şəkil və ya status), sosial sübut (minlərlə insanın paylaşdığı bir məqaləni siz də oxumaq istəyəcəksiniz), şəxsiləşdirmə (xəbərlərin ardıcıllığı sizin maraq dairənizə uyğun olaraq sıralanmışdır), qarşılıqlı münasibət (əlavə xal qazanmaq üçün daha çox dostunuzu dəvət etsəniz və dostlarınız həmin şəbəkəyə daxil olduqdan sonra sizin saytı tərk etməyiniz və ya onların tərk etməsi daha da çətinləşir) vəziyyətləridir.
Günümüzdə texnologiya bir aidlik duyğusu hiss etmək və digər insanlarla əlaqə yaratmaq kimi mühim ehtiyaclara uyğun olaraq tərtib edilmişdir. Bu səbəbdən də FoMO (fear of missing out/gözdən qaçırma qorxusu) olaraq tanınan fobiya, sosial şəbəkələrin dizaynındakı bir çox xüsusiyyətin əsasını təşkil edir.
Sosial mediada mövcud olan qruplar və forumlar aktiv iştirakı təşviq edir. Bildirişlər və digər xüsusiyyətlər istifadəçilərin bir-birlərinin fəaliyyətlərindən və uyğun olub-olmamasından xəbərdar olmalarını təmin edir və bunun nəticəsində bəzi istifadəçilər qeyri-ixtiyari olaraq müntəzəm şəkildə bunu yoxlayarlar. “WhatsApp”-dakı mavi cüt xət işarəsi və digər mesajlaşma tətbiqlərində mesajın oxunduğuna dair bildirişlər bu nümunəyə aiddir. Istifadəçilər bu xüsusiyyətlər sayəsində mesajlarının çatıb-çatmadığını və ya oxunub-oxunmadığını öyrənə bilirlər. Beləliklə bu vəziyyət hər kəsin üzərinə dərhal cavab vermə məsuliyyəti yükləyir.
Mükafat və məlumat - əyləncə anlayışı, “aludəçilik” baxımından çox vacibdir. Məsələn, sosial şəbəkələrdə “Heç bir xəbər, yaxşı xəbər deyildir” deyə qeyd edilir. Bu səbəbdən sosial şəbəkələrin tərtibatı hər zaman məzmun yaratmaq və məyusluğun qarşısını almaq məqsədilə edilir.
İnsanlar onlayn olmadıqları zaman özlərini yaxşı hiss etmirlər
Sosial media vasitələrindən istifadə edən insanlar davranış aludəçiliyinə dair göstəricilər əks etdirirlər. Bunlar, onlayn profillərini davamlı olaraq yoxladıqları zaman, diqqət çəkmə, ziddiyət və əhval dəyişikliyi kimi xarakterizə edilir.
İngiltərənin kommunikasiya nəzarət orqanı olan “Ofcom”-a görə, 15 milyon ingilis internet istifadəçisi (bütün internet istifadəçilərinin 34%-i) “rəqəmsal detoks” etməyə cəhd göstərdilər. Oflayn olduqdan sonra istifadəçilərin 33%-i məhsuldarlıqlarında artış hiss etdiklərini, 27%-i xilas olma duyğusu hiss etdiklərini və 25%-i isə həyatdan daha çox həzz aldıqlarını bildirdilər. Lakin, araşdırmanın hesabatında həmçinin istifadəçilərin 16%-nin gözdən qaçırma qorxusu, 15%-nin itki hissi keçirdiyi və 14%-nin də əlaqəsinin itməsindən qorxduğu qeyd edilmişdir. Bu göstəricilər insanların əslində onlayn olmaqdan uzaq durmağa çalışdıqlarını, lakin bunun üçün köməyə ehtiyac duyduqlarını əks etdirir.
Tamara Mustafayeva, banco.az