Tədiyə balansı nədir? | Banco.az

Tədiyə balansı nədir?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:

- Cari əməliyyatlar balansı;

- Kapitalın və maliyyənin hərəkəti balansı;

- Ehtiyat aktivləri.

Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir:

İdxal – xaricdən ölkəyə gətirilən məhsulların dəyəridir.  İxrac – ölkə ərazisindən satılmaq üçün xaricə çıxarılan məhsulların dəyəridir.  İdxal və ixrac arasındakı fərqə xarici ticarət saldosu deyilir.

Xidmətlər balansı nəqliyyat, sığorta, rabitə, beynəlxalq turizm, maliyyə, tikinti, elmi-texniki və istehsal təcrübəsinin mübadiləsi və s. xidmət növləri üzrə ölkənin valyuta gəlirləri və ödənişləri arasındakı nisbəti müəyyən edir.

Faktor gəlirləri kimi xaricdə işləyən ölkə vətəndaşlarının qazancları, habelə yerli investorun xaricdə qoyduğu kapitala görə əldə etdiyi gəlirlər də cari əməliyyatlar balansında öz əksini tapır.

Ən sərfəli kredit üçün müraciət et

Cari transfertlərə humanitar yardımlar, xarici dövlətlərin rəsmi orqanlarından alınan əvəzsiz maliyyə yardımları, beynəlxalq təşkilatlara üzvlük haqları, texniki yardımlar, alimentlər və s. daxildir.

Kapitalın və maliyyənin hərəkəti balansı müxtəlif formalarda ölkəyə gələn və ölkədən gedən kapitalın balansını əks etdirir. Birbaşa və portfel investisiyalar, dövlətin və özəl sektorun xarici borcunun dəyişimi tədiyə balansının bu bölməsində öz əksini tapır.

Birbaşa investisiyalar – xarici müəssisələrdə uzun müddətə yerləşdirilən və onların fəaliyyəti üzərində müəyyən nəzarəti təmin edən sərmayələrdir. Beynəlxalq meyarlara görə səhmlərin 10%-i xarici sərmayədara məxsus olan müəssisə birbaşa investisiyaların obyekti sayılır.

Portfel investisiyaları – xarici qiymətli kağızlarda yerləşdirilən və sərmayədara investisiya obyekti üzərində nəzarəti təmin etməyən sərmayədir. Burada səhmlər və müxtəlif borc öhdəlikləri investisiya obyekti kimi çıxış edə bilər.

Mənbə: Mərkəzi bank