“Üzən məzənnə”yə keçid manatın real məzənnəsini müəyyənləşdirməyə imkan verəcək”.
Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı verdiyi müsahibədə deyib.
“Tam üzən məzənnə”yə keçid vacib və labüddür. Hazırda maliyyə sektoru ilə real sektor arasında pulun tarazlıq qiyməti yoxdur. Yəni, maliyyə sektoru istəyir ki, pulu mümkün qədər baha satsın, real sektor isə istəyir ki, ucuz alsın.
Bu vəziyyət manatın ucuzlaşması ilə bağlı güclü gözləntidən irəli gəlir - insanlarda bir əminlik var ki, manat “sərbəst üzüb” tarazlıq məzənnəsini tapmasa, mütləq ucuzlaşacaq.
Məhz buna görə hər iki tərəf - həm bank, həm də real sektor pulu xarici valyutaya çevirib saxlamağa üstünlük verir”, - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, məzənnənin ədalətli müəyyənləşməsi üçün ölkədə maliyyə alətlərinin inkişafı və maliyyə dərinliyinin artması vacibdir.
Amma bu iki məsələ bir-birindən o qədər asılıdır ki, biz heç birinin inkişafını o birisinin bahasına həyata keçirə bilmərik. Yəni, bu işin ikisi də paralel getməlidir.
Bu baxımdan “Strateji Yol Xəritəsi”ndə də qeyd olunub ki, biz ilk növbədə, maliyyə-bank sektorunda likvidlik və kapitallaşma ilə bağlı problemlərin həllinə dəstək verməliyik. İkincisi, maliyyә-bank sektorunda risk menecmenti ilə bağlı məsələlər həllini tapmalıdır.
Üçüncüsü, Beynəlxalq Bankın özəlləşdirilməsi təmin edilməlidir və bu məsələ 2017-ci il üçün gündəmdədir. Dördüncüsü, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı institusional irəliləyişin aparılması və nəhayət, ölkədə problemli aktivlərin idarə edilməsi ilə bağlı məsələlər öz həllini tapmalıdır. Bunlar qısa dönəm üçün nəzərdə tutulan işlərdir və bunların məntiqi sonluğu artıq “üzən məzənnə” rejimidir.
O vurğulayıb ki, Ukrayna və Qazaxıstan kimi ölkələr “üzən məzənnə”yə keçəndə iqtisadiyyatlarının durumu bizdəkindən heç də yaxşı deyildi. Əlbəttə, bu keçiddən sonra milli valyutanın müəyyən bir volotilliyi olur, amma getdikcə bu proses sönür və tarazlıq nöqtəsinə çatır. Ondan sonra hamı başa düşür ki, bu, valyutanın real bazar qiymətidir. Bahadır, ya ucuz, bu, artıq başqa məsələdir.
V.Qasımlı hesab edir ki, “üzən məzənnə” üçün digər bir çağırış isə ondan ibarətdir ki, Azərbaycanda böyük miqdarda yığım var - təxminən, 40 mlrd. dollara yaxın ölkənin strateji valyuta ehtiyatları, üstəlik, ev təsərrüfatlarının, bankların və özəl sektorun yığımı birlikdə 100 mlrd. dollara yaxın bir məbləğ edir.
Klassik iqtisadi nəzəriyyəyə görə, yığım investisiyaya bərabər olmalıdır. Bizdə isə bu iki komponent arasında sanki bir tıxac var. Bunun da səbəbi manatın ucuzlaşmasına dair gözləntidir.
“Tam üzən məzənnə”yə keçməklə biz manatın real qiymətinin tapılmasına şahid olacağıq və bu gözlənti aradan qalxacaq. Manatın tarazlaşması real sektorla maliyyə sektoru arasındakı körpülərin bərpa olunmasına gətirəcək.
“Keçid dövründə dövlətin rolu əhalini, bankları və biznesi mənfi təsirlərdən qorumaqdan ibarətdir və mən düşünürəm ki, buna nail olunacaq.
Hər halda,“üzən məzənnə”yə keçid vaxtını yubatsaq, sonra keçmək istəyəndə daha çətin şəraitlə üzləşəcəyik. Yəni, əgər biz resurs iqtisadiyyatından məhsuldarlığa əsaslanan iqtisadi modelə keçiriksə, bunu bütün spektr üzrə keçid etməliyik.
Yəni, fiskal siyasəti, biznes mühitini dəyişib, məzənnə siyasətini əvvəlki kimi saxlaya bilmərik. Bu, çox pis nəticə verə bilər. Ona görə də bizim KİV-lər, ictimai fikir liderləri bu məsələdə daha obyektiv mövqedə durub, ajiotaj yaratmamağa çalışmalıdır”, - deyə mərkəzin rəhbəri qeyd edib.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycan 2017-ci ildə “tam üzən məzənnə”yə keçməyi planlaşdırır.
Qeyd edək ki, Mərkəzi Bank 2015-ci il dekabrın 21-dən sabit məzənnə rejimindən imtina edərək idarə olunan üzən məzənnə rejiminə keçib.
Mənbə: İnterfax