Valyuta hərraclarının keçirilməsi Dövlət Neft Fondunun (ARDNF) transfetlərinin həyata keçirilməsi ilə bağlıdır.
Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, hər ilin sonunda ARDNF-in dövlət büdcəsinə ödədiyi transfert təsdiq edilir: "Bu məbləğin manat şəklində ödənilməsi üçün ARDNF sənəncamında olan valyuta ehtiyatlarının satışını həyata keçirərək vəsaitləri manatla büdcəyə köçürməlidir. Bu transfertin həyata keçirilməsi üçün ARDNF birbaşa özü bazara çıxmaqla valyuta vəsaitləri sata bilər. Həm şəffaflığın, həm də prosesin idarə edilməsi üçün Mərkəzi Bank agent qismində çıxış edərək, bu prosesdə çıxış edir. Yəni həmin valyutanı bazara hərrac vasitəsi ilə satır. Həmin hərracda, ölkədə fəaliyyət göstərən banklar iştirak edir. Məzənnə sabit olduğu şəraitdə və bütün tələb ödənildiyi halda bu hərrac məlumatlarının yayılmasının səbəbini görə bilmirik. Həftə ərzində 2 dəfə hərrac keçirilir və həmin hərracların nəticələri dəyişkən olur. Hər dəfə bu dəyişiklər baş verdikdə qalmaqala səbəb olur".
“Biz ona görə qərarə gəldik ki, hərracların transfertlərinin həyata keçirilməsi üçün təşkil edildiyini nəzərə alsaq, bu nəticələr açıqlanmasın. Həm məzənnə sabit qalırsa, həm də tələb tam ödənilirsə bu məlumat təhlillər üçün kifayət etmir” - deyə Taleh Kazımov əlavə edib.