Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellektə qarşı qərəz dəyişiklik qorxusundan irəli gəlir?
Banco.az xəbər verir ki, süni intellektin gündəlik həyata və iş proseslərinə inteqrasiyası istifadəçiləri iki qrupa ayırıb. Bir tərəf bu texnologiyanı məhsuldarlığı artıran və prosesləri sürətləndirən bir inqilab kimi görürsə, digər tərəf isə insanları tənbəlliyə təşviq etdiyini iddia edir. Lakin əsas reallıq belə xülasə oluna bilər: süni intellekt sadəcə bir vasitədir. Onun təsiri isə istifadə formasından asılı olaraq dəyişir.
Bu gün bir çox insan xəritə tətbiqləri, axtarış brauzerləri və ya mesajlaşma xidmətləri kimi vasitələrdən düşünmədən istifadə edir və bu xidmətlər həyatı asanlaşdırdığı üçün heç bir sual doğurmur. Əslində eyni funksionallıq süni intellekt alətləri üçün də keçərlidir. Məhsuldarlığı artıran, vaxt qazandıran və hədəflərə çatmağı asanlaşdıran bir texnologiyanın mənfi qarşılanması, əslində texnologiyanın özünə deyil, fərdlərin dəyişikliklərə müqavimətinə əsaslanır.
Süni intellektə yönəlmiş tənqidlərin böyük bir hissəsi texnoloji çevrilişlə ayaqlaşa bilməmə qorxusundan və vərdişlərə bağlılıqdan qaynaqlanır. Bu baxımdan əsas müzakirə olunmalı məsələ texnologiyanın özü deyil, insanların onu necə istifadə etməsidir.
Əgər bir istifadəçi süni intellekti məhsuldarlığını artırmaq, iş proseslərini optimallaşdırmaq və strateji düşünmə bacarıqlarını inkişaf etdirmək üçün istifadə edirsə, bu vasitə inkişaf üçün bir katalizatora çevrilə bilər. Lakin yalnız asan yolu seçmək məqsədilə süni intellektdən istifadə edilməsi fərdin şəxsi inkişafını məhdudlaşdıra bilər.
Buna görə də süni intellekt texnologiyalarının cəmiyyətə və fərdlərə təsirini qiymətləndirərkən verilməli əsas sual budur: bu texnologiya fərdin potensialını ortaya çıxarmağa xidmət edir, yoxsa mövcud komfort zonasını qoruma vasitəsi kimi istifadə olunur?
Bizi sosial şəbəkələrdən izləyin!!