Süleyman Kələşov ilə müsahibə: 5-ci investor yarmarkası bizə nə vəd edir? | Banco.az

Süleyman Kələşov ilə müsahibə: 5-ci investor yarmarkası bizə nə vəd edir?

Müsahibimiz: Süleyman Kələşov- AMFA İdarə heyətinin sədri

Hörmətli Süleyman müəllim, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən keçirilən “İnvestorlar yarmarkası” artıq bir ənənə halına gəlmişdir. Bu ilki tədbirin əvvəlkilərdən əsas fərqi nə olacaq?

2017-ci ilin oktyabr ayının 6-da keçiriləcək tədbirimizdə Mikromaliyyə sektorunda mövcud olan problemli məsələlərin müzakirəsinə daha çox diqqət ayrılacaq. Hazırda maliyyə institutlarının kredit yığımı və xərclərin optimallaşdırılması ilə bağlı problemlər yaşadığı bir zamanda “Mikromaliyyənin gələcəyi: Mövcud vəziyyətdə mikromaliyyəni necə stimullaşdırmaq olar?” və “ İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət” adlı sessiyalarda bu məsələlərin həlli yolları araşdırılacaq və ekspertlər öz təkliflərini və məsləhətlərini tədbirin iştirakçıları ilə bölüşəcəklər.

Bundan əlavə iştirakçıların investorlar və xidmət təminatçıları ilə görüşü planlaşdırılır.

Tədbir mikromaliyyə sektoru üçün önəmli maliyyə hadisəsi hesab olunur, ona görə maraqlıdır, nə qədər iştirakçı, investor və maliyyə cəlb etmək istəyən şirkətin iştirakı gözlənilir?

Tədbirdə ümumililkdə,  12 investor və xidmət təmin edən təşkilat, eyni zamanda 20-dən artıq investisiya cəlb etmək istəyən və bu sektorda sektorda maraqlı olan digər institutlardan olmaqla cəmi 100 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir. Tədbirin önəmi nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının və mikromaliyyə sektoruna maraqlı bir sıra dövlət qurumlarının nümayəndələri də tədbirə dəvətlidirlər.

Hazırda mikromaliyyə sektorunun əsas çətinlikləri hansılardır və onların müzakirəsi problemin həllinə nə dərəcədə kömək edə bilər?

Hazırda mikromaliyyə sektorunda obyektiv və ya subyektiv səbəblərdən bir sıra problemlər mövcuddur. Məhz bu tədbirdə həmin problemlərin daha çox hansı sferalara təsiri və onların aradan qaldırılması barədə ətraflı müzakirələr aparılacaq. Əlbəttə biz deyə bilmərik ki, qoyulan məsələlərin müzakirəsi dərhal öz həllini tapacaq, ancaq xarici ölkələrdə və ölkəmizdə olan təcrübələrin bölüşdürülməsi iştirakçılara çətinliklərin mümkün həll yollarını görməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Əsas mövzulardan biri maliyyə texnologiyalarının inkişafıdır – bu sahədə hansı ölkələrdən eskpertlər gözlənilir? Yeni texnoloji məhsulların təqdimatı olacaqmı?

Maliyyə texnologiyasına həsr edilmiş sessiyada Azərbaycan, Belçika, Makedoniya, ABŞ və İslandiya kimi ölkələrdə yerləşən şirkətlərdən peşəkar ekspertlərinin iştirakı və təqdimatı gözlənilir.

Tədbirə  yerli və yaxın regionlardan start-uplar və ya fərdi bizneslər qatıla bilərmi? Ya əsasən bank, sığorta və mikromaliyyə təşkilatlarının iştirakı nəzərə alınıb?

Tədbirin gündəliyi üzv maliyyə qurumlarını narahat edən məsələlər üzərində qurulduğu üçün bu tədbir yalnız maliyyə sektoru nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Bu sektorun nümayəndələri Assosiasiyaya müraciət etməklə tədbirə qatıla bilərlər. Assosiasiyamız gələn il ayrıca olaraq məhz sahibkarları hədəfləyən yarmarkanın keçirilməsini  planlaşdırır.

Son zamanlar maliyyə institutlarının problemli müştəriləri ilə bağlı vəziyyət haqqında nə deyə bilərsiniz?

Yuxarıda qeyd etdiyimiz kimi mikromaliyyə sektorunda müəyyən çətinliklər hələ də davam edir. Bəzi müştərilər borclarıını gecikmələrlə ödəsələr də yenidən kredit  almaqda çətinlik çəkirlər. Bu onunla əlaqəlidir ki, gecikmədə olan istənilən müştərinin adı artıq kredit reyestrində qeydiyyatda olduğundan maliyyə institutları həmin müştərilərə kredit verməkdə maraqlı olmur. Ona görə də biz bütün borcalanlardan sadəcə götürülən krediti geri ödəməsini deyil həm də tərəflər arasında bağlanmış müqavilənin bütün şərtlərinə uyğun ödənilməsini tövsiyyə edirik. 

Ən sərfəli krediti almaq üçün müraciət et