SKMF xətti ilə sahibkarlara güzəştli kredit verilməsi davam etdirilir | Banco.az

SKMF xətti ilə sahibkarlara güzəştli kredit verilməsi davam etdirilir

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 9-da Qusar rayonunun Çiləgir kəndində keçirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qusar rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3 082 sahibkara 103,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2000 investisiya layihəsinin maliyyələşdirilməsinə 136,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10 400-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

İşgüzar forum çərçivəsində Qusar və ətraf rayonlardan olan 53 sahibkara 1,2 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, çörək istehsalı, heyvandarlıq, bağçılıq, tərəvəzçilik, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qusarda güzəştli kreditlərdən istifadə etməklə inşa olunan gündəlik istehsal gücü 16 ton olacaq çörək istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilib. Bu müəssisəyə 994 min manat güzəştli kredit verilib.

Ümumilikdə, son illər 28 çörək zavodunun tikintisinə və müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 50,5 mln. manat güzəştli kredit verilib. Bu müəssisələrdən 12-si Bakı şəhərində, 15-i isə regionlardadır. Türkiyə, Almaniya, Çexiya, Niderland və digər ölkələrin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş 26 çörək zavodu artıq istifadəyə verilib. Bu zavodlar gündə 794,6 ton çörək istehsal etmək gücünə malikdir.

 

 

 

 

apa.az