“2008-2009-cu illər dünya iqtisadi böhranı zamanı bir sıra ölkələrdə requlyatorlar maliyyə sisteminə dəstək olmaq üçün bəzi bankların təkrar maliyyələşdirməsini həyata keçirdilər. Xüsusən də bu zaman bəzi bankların sistem əhəmiyyətli olması və ya iflas etmək üçün həddindən artıq böyük olması faktoru səbəb gətirilirdi. Amma bir qrup iqtisadçılar da var ki, bunun əleyhinə çıxır və sistemə müdaxilənin yol verilməz olduğunu vurğulayır. Yəni kapitalizmin tələbləri də odur ki, güclü olanlar tab gətirməli, güclü olmayanlar isə sıradan çıxmalıdır.
Mövcud məzənnə böhranından bankların zərərlərlə üzləşəcəyi artıq danılmazdır. Lakin bəzi bankların zərərləri xüsusi ilə çox olacaq və onların hətta müflisləşmə riskləri də var. Belə bir şəraitdə dövlət banklara kömək etməlidirmi?” – Suallarımızı iqtisadçı ekspert Samir Əlieyev cavablandırdı.
“Qlobal böhrandan sonra dünyada bankların kapitalının artırılması əsas tələblərdən birinə çevrildi. Bazel-3 prinsipi də bankların kapitallaşmasına dair tələbləri artırıb. Mərkəzi Bankın ən uğurlu addımlarından biri də məcmu kapitalın artırılması ilə bağlı qərar idi. Təbii ki, o qərar veriləndə bu proseslər, yəni neftin ucuzlaşması gözlənilmirdi. İndi nəticədə o baş verdi ki, böhran şəraitində banklar artıq 50 milyon manatlıq kapitala sahibdir. Dörd bank istisna olmaqla, qalan bütün banklar bu normaya cavab verir. Bu onların dözümlülüyünü, dayanıqlığını artırdı.
“Sistem banklarından söhbət getdikdə isə Beynəlxalq Bankı misal göstərmək olar. Fitch agentliyinin açıqlamasında Azərbaycanın bank sektoru ilə bağlı, o cümələdən Beynəlxalq Bankın vəziyyəti ilə bağlı narahatçılıq qeyd edilir. Beynəlxalq Bank sistem əhəmiyyətli bankdır, ölkənin bank sektorunda payı təxminən 35%-dir. Depozit və kredit qoyluşu üzrə göstəricilər də yüksəkdir. Olduqca böyük bir bankdır və onun çökməsi bank sektoruna ciddi zərbə vura bilər. Bəli, belə bankların çökməsi ümumilikdə bank sektorunu çökdürə bilər. Ona görə Mərkəzi Bank bu bankı qorumalıdır və əlbəttə, onun özəlləşdirilməsi prosesini sürətləndirməlidir.” – ekspert bildirdi.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan kimi ölkələrdə dövlət banklara dəstək olmalıdır, çünki Azərbaycan iqtisadiyyatı bu gün bir o qədər də dayanıqlı və şaxələnmiş deyil. Nəzərə alsaq ki, bizim iqtisadiyyat xammal iqtisadiyyatıdır, neftdən asılıdır. Ona görə dünya bazarlarında neftin ucuzlaşması avtomatik olaraq ölkə iqtisadiyyatında problemlər yaradır. Bu neqativ təsir təbii ki, banklara sirayət edir.
Bəli, kiçik banklar var, biz də tərəfdarı olmuşuq və hesab etmişik ki, Azərbaycan üçün bu bankların sayı çoxdur. Bizim fikrimizcə, bankların sayı 2 dəfəyə qədər azaldılmalıdır. Bununla bağlı apardığımız müəyyən araşdırmalar onların fəaliyyətinin effektiv olmadığını göstərir.
Optimallaşma olmalıdır. Faktiki olaraq, araşdırmalar göstərir ki, Azərbaycan fəaliyyət göstərən bankların demək olar ki, hamısını filialları zərərlə işləyir. Əksəriyyəti mərkəzi ofisin dotasiyası hesabına fəaliyyətini davam etdirir. Bu ona görədir ki, bankların sayı çoxdur. Regionlarda aktivlik onsuz da çox zəifdir. Müştəri kontingenti azdır. Filialların açılması onların heç də gəlirli olması demək deyil, əksinə xərcləri artırır.
Bu gün dünyada bir başqa tendensiya gedir. Əgər əvvəl dünyada bankların şəbəkələşməsi (yəni sayının artması deyil, filiallarının sayının artırılması) geniş yayılmışdısa, bu gün artıq dünyada infomasiya texnologiyalarının inkişafı sayəsində filialların bağlanması və ya sayının azalması müşahidə olunur. Yeni informasiya texnologiyalar, internet və mobil bankçılıq artıq filiallara getmədən əməliyyatlar icra etmək imkanı verir. Azərbaycanda da artıq bu tendensiya var. Nəzərə alsaq ki, regionlarda müştəri çox məhduddur, bankların sayının çox olması heç də effektiv deyil. Digər tərəfdən isə regionlarda heç də bütün bankların fililaları yoxdur, əsas 4-5 bankdır və BOKT (bank olmayan kredit təşkilatlarıdır) və bu gün BOKT-lar kifayət qədər yaxşı işləyir.
Bu baxımdan da bankların sayının azalmasına ehtiyac var. Çox təəssüf ki, Mərkəzi Bank öz verdiyi qərarı tam axıra qədər icra etmədi. Çünki fevralın 1-nə olan tarixə əsasən, məcmu kapitalı 50 milyon manata çatmayan 4 bank vardır və belə görünür ki, Mərkəzi Bank bununla bağlı güzəştə gedib. Belə ki yanvar ayında həm Eurobank, həm də Azərbaycan Kredit Bankı səhm emissiyası elan edib, məqsəd də aydındı ki, kapital cəlb edilməsi ilə bağlıdır. Mərkəzi Bankın razılığı olmadan onlar heç vaxt yanvar ayında bunu edə bilməzdi.
Mən başa düşürəm ki, indiki situasiyada, durumun həssaslığını nəzərə alsaq, hər hansı bir bankın bağlanması heç də əhali tərəfindən birmənalı qarşılanmayacaq. Hətta sistem üçün əhəmiyyəti olmayan bir bankın bağlanması belə bank sisteminə olan ümumi etimadı sarsıda bilər və bank sektoru üçün təhlükəli ola bilər.
O baxımdan mən Mərkəzi Bankın bu qərarını anlayışla qəbul edirəm və bankların bağlanması məsələsinin təxirə salınmasını, onlara şans verilməsini normal qəbul edirəm. – ekspert fikrini belə yekunlaşdırdı.