“Şirkətlərdə qərarlar emosiyadan uzaq analiz edilməlidir” – Rəqsanə Məmmədova | Banco.az

“Şirkətlərdə qərarlar emosiyadan uzaq analiz edilməlidir” – Rəqsanə Məmmədova

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Marketinqin istiqaməti çoxdur. Şirkətin hansı məhsulu satmasından asılı olmayaraq marketinq burada məlumatların toplanılması və analizi üçün əvəzolunmaz alət hesab olunur”.

Bunu Banco.az-a Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədova Marketinq strategiyası ilə bağlı danışan zaman deyib.

Rəqsanə xanım, şirkətdə marketinq siyasəti vacibdir, yoxsa onsuz da biznesi idarə etmək olar?

Hesab edirəm ki, yalnız bir halda marketinq önəmli olmur. Əgər şirkətdə monopoliya mövcuddursa, alıcının seçimi yoxdursa, bu vəziyyətdə marketinqin rolu minimum ola bilər.

Marketinqimin uğurlu olub-olmadığını necə müəyyən edə bilərəm?

Marketinq özündə araşdırmanı, satışın təşkil olunmasını, reklamı, brendinqi və digər istiqamətləri birləşdirir. Hər istiqamətin öz nəticə və ölçülmə kriteriyası var. Düzdür bütün fəaliyyət sonda satışların artırılması ilə bitməlidir. Bir sözlə yaxşı marketinq satış edən marketinqdir. Amma ona aparan yollar fərqlidir. Burada insanların həmin marka, brend haqqında məlumatlı olması da önəmlidir. Bu gün sizin məhsul haqqında 100 nəfər məlumatlı ola bilər. Amma bir reklam kampaniyası çəkilərsə, həmin məhsulu tanıyan kütlə daha da artacaqdır. Çünki insanlar əvvəl brendi tanıyır, sonra alır. Amma nəticə olaraq, marketinq sonda şirkətə pul qazandırmalıdır.

Şirkətlərdə hər hansı bir dəyişiklik dövründə liderlər biznes qərarlarını necə qəbul etməlidirlər?

Dəyişikliklər hər zaman eyni olmur. Hansısa şirkət üçün bu yeni imkanlar deməkdir, digərləri üçün böhran. Məncə, qərarvermədə əsas psixoloji məqamlardır.Yəni liderlər emosiyaya qapılmamalıdırlar. İkinci məqam trendlərin izlənilməsi barədədir. Bunlar mikro və makro trendlərdir. Mənim fikrimcə, mikro trendlərə şirkətlər reaksiya verməməlidir. Məsələn, İnstagram 2023-ci ildə “Threads” adlı lahiyəni başladı. Amma o kütləvi olmadı. Ola bilsin gələcəkdə olacaq. Amma hal -hazırda istifadəçi sayı azdır. Amma “Tik-tok” artıq kütləvidir. Bura şirkət üçün əlavə satış kanalı ola bilər. Növbəti addım vəziyyətin analiz edilməsidir. Şirkətin hansı insan, maliyə və digər resursları qalıb? Bu resursları hansı yeni seqmentlərə, satış kanallarına yönəltmək olar? Bunlar hamısı emosiyasız analiz olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Kontent marketinq nədir, nə üçün lazımdır?

Kontent marketinq şirkət tərəfindən müştəriləri maraqlandıran mövzuda video, foto, mətn materiaların hazırlanmasıdır. Burada əsas məsələ şirkətin alıcı kütləsinin hansı növ məlumatlara maraqlı olması barədədir.

Hansı mövzular potensial alıcıların diqqətini cəlb edə bilər?

Keyfiyyətli kontentin yaradılması şirkəti rəqiblərdən fərqləndirə bilər. İnsanlar faydalı məlumatları unutmurlar. Məsələn, səhiyyədə həkim məsləhətləri ola bilər, turzim sektorunda TOP gəzməli yerlər, İT sahəsində kiber təhlükəsizlik və s.

Kontent marketinq sistemini qurmaq üçün şirkət daxilində komandanı necə toplamaq olar?

Ümumiyyətlə, marketinq sistemi komanda işidir. Kontent marketoloq önəmli mövzuları tapır kopirayterlərə yönləndirir. Kopirayter onu yazı formatına gətirir. Bu ola bilər video üçün ssenari, paylaşım üçün yazı, bloq üçün məqalə və s formatda olsun. Sonda isə vizualaşma prosesi başlayır. Video formatdırsa, operator və montajçı lazımdır, sosial şəbəkələr üçün yaradılıbsa, kontent artıq dizayner lazım olacaq. Onuda qeyd edim ki, keyfiyyətli kontent marketinq bahalı prosesdir. Çünki minimum 3 nəfərin əməyi istifadə olunur. Bundan sonra əlavə olaraq həmin kontentin yayımı üçün büdcələr ayrılır. Bu reklam, SEO, target reklam büdcəsi ola bilər.

Ətraflı müsahibə üçün təşəkkür edirik.

 Çox sağ olun, uğurlar.

Ən sərfəli krediti almaq üçün müraciət et