Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiyadan neft idxalı səbəbilə münasibətləri gərginləşən Hindistanla bağlı açıqlama verib.
Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin uzanmasından narazılığını ifadə edən Tramp bildirib:
“Hindistanın Rusiyadan neft almasından narazı idim. Baş nazir Modi bu gün məni inandırdı ki, artıq Rusiyadan neft almayacaqlar.”
Tramp qeyd edib ki, idxalın dərhal dayandırılması mümkün olmasa da, proses mərhələli şəkildə həyata keçiriləcək və yaxın zamanda başa çatacaq.
ABŞ lideri həmçinin vurğulayıb:
“İndi biz Çinin də eyni şeyi etməsini təmin etməliyik.”
Trampın bu açıqlaması iki ölkə arasında mövcud vergi gərginliyinin davam etdiyi bir vaxtda səslənib. Qeyd edək ki, Tramp avqust ayında Hindistanın “Rusiya neftini alması”na cavab olaraq, bu ölkəyə qarşı 25 faizlik əlavə gömrük rüsumu tətbiq etmişdi. Bununla da qarşılıqlı vergi dərəcəsi 50 faizə yüksəlib.