Sığortaçıların qarşısında saytlarını yeniləmək tələbi qoyulub | Banco.az

Sığortaçıların qarşısında saytlarını yeniləmək tələbi qoyulub

Maliyyə Nazirliyindən verilən məlumata görə, iyulun 1-nə qədər bütün sığortaçıların saytında onların baş ofisinin, filial və nümayəndəliklərinin yerləşdiyi ünvanlar, telefon nömrələri, elektron poçtları göstərilməlidir. Bundan başqa, sığorta şirkətinə rəhbərlik edən şəxslərin soyadı, adı, atasının adı, tutduğu vəzifə də saytda yerləşdirilməlidir.

Səhifədə sığortalanma qaydaları aydın görünən siyahı formasında yerləşdirilməli, bu məlumatları axtarmaq və kompüterə yükləmək imkanı yaradılmalıdır. Sayt müştərilərin sığorta hadisəsi barədə onlayn rejimdə məlumat əldə edə bilməsi üçün əlverişli olmalıdır. Üstəlik, sayt vasitəsilə vətəndaşları maraqlandıran suallar və şikayətlərə avtomatik cavab verilməlidir.

Sığorta şirkətinin maliyyə hesabatlarının da sayta yerləşdirilməsi əsas tələblərdəndir. Bu məlumatlar da elə yerləşdirilməlidir ki, hər kəs ondan rahat şəkildə istifadə edə bilsin.

Tələblər sırasında elektron informasiya sisteminin yaradılması da var. Müştərilərin şirkətlə və yaxud vasitəçi ilə bağladıqları sığorta müqaviləsi və onunla bağlı bütün detallar - sığortalının adı, cinsi, doğum tarixi, sığortanın növü, müqavilənin nömrəsi, hansı müddəti əhatə etməsi, ödədiyi sığorta haqqının məbləği və ala biləcəyi sığorta ödənişi kimi məlumatlar, həmçinin agentlərin və brokerlərin adı, lisenziyalarının nömrəsi mütləq elektron informasiya sistemində toplanmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hadisənin baş verdiyi və qeydiyyata alındığı tarixlər, sığortalı və sığorta ödənişi almış şəxslərin adı, ödənişin hansı müqaviləyə əsasən həyata keçirildiyi, dəymiş ziyanın məbləği, ödənilmiş məbləğ və onun tarixi, ödənişdən imtina olunursa bunun səbəbi, imtina məktubunun tarixi və nömrəsi, bir sözlə sığorta hadisəsinə dair bütün məlumatlar da mütləq sistemə yerləşdirilməlidir.

Fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətini təmin etmək məqsədilə elektron informasiya sisteminə yüklənən məlumatlar ehtiyat serverdə də saxlanmalıdır. Bu məlumatlar Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin informasiya sistemi ilə əlaqələndirilməlidir.

Qaydalara əsasən bağlı minimum tələblər cəmi iki ay ərzində, yəni iyulun 1-dək, digər tələblər isə bu ilin sonunadək yerinə yetirilməlidir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et