Sığorta və bank işinin kəsişdiyi məqamlar | Banco.az

Sığorta və bank işinin kəsişdiyi məqamlar

Müsahibimiz: Ceyhun Qubatov, "Buta Sığorta" Sığorta şirkəti

Bizim maliyyə bazarında sığorta şirkətləri banklara çox bağlıdır. Bilmək maraqlı olardı, hazırda məhz neçə şirkət bilavasitə bankla əməkdaşlıq sayəsində öz xidmətlərini təqdim edir, hansılar isə tam ayrıca fəaliyyət göstərir?

Banklar da, sığorta şirkətləri də, maliyyə bazarının ayrılmaz hissələridir. Odur ki, onları bir-birindən kənar təsəvvür etmək olmur. Həmçinin sığorta şirkətlərinin aid olduğu holdinqlərin tərkibində banklar da, var. Onlar da əməkdaşlıq edirlər.  Təxminən bazarın yarısı banklarla sıx əməkdaşlıq edir. Rəqəm olaraq isə 28 şirkətdən təqribən 15-i banklarla sıx əlaqədədir. Lakin bununla paralel onlar banklardan kənar da, sığorta məhsulları təklif edirlər. Demək olmaz ki, bu şirkətlər yalnız banklarla əməkdaşlıq hesabına fəaliyyət göstərirlər.

Hansı sığorta məhsulları bir-başa olaraq, bank məhsulları ilə bağlıdır?

Kredit risklərinin sığortası ilə bağlı bütün məhsulları birbaşa bank məhsulları ilə bağlıdır. Hazırda daha çox ipotekada olan əmlakla bağlı əmlak sığortası, kreditdə olan avtomobillərin sığortası və həyat sığortası Azərbaycanda geniş yayılmışdır.

Mən bilmək istərdim ki, insanlar kredit götürərkən hansı sığorta növlərini ödəməli olurlar?

İnsanlar kredit götürərkən  daha çox ipotekada olan əmlakla bağlı əmlak sığortası, kreditdə olan avtomobillərin sığortası və həyat sığortasından istifadə edirlər.

Bu zaman krediti və ya krediti ödəməmə halından sığorta olunmaq mümkündür, ya sadəcə kredit götürənin həyatı sığorta olunur?

Mümkündür.  Risk kreditin ödənilməməsi olduğundan bu halda bankın özü sığortalanır. Çünki, kreditin ödənilməməsi halında zərərçəkən tərəf bank olacaqdır. Həmçinin gözlənilir ki, yaxın gələcəkdə bütün bu tip sığortalar da, həyat sığortasına aid ediləcəkdir. Bu da həyat sığortası ilə məşğul olan şirkətlərin bazar payının artmasına səbəb olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə bu proseslər necə baş verir? Yəni müştəri götürdüyü kreditin neçə faizi civarında sığorta haqqı ödəyir və sığorta hadisəsi baş verəndə hansı prosedurlar həyata keçirilir? 

Təqribi rəqəmlər deyəcəyəm. Ən çox yayılmış kreditdə olan avtomobillərin sığortasıdır ki, burada kreditin məbləğindən və avtomobilin dəyərindən asılı olaraq 2,8-8 % aralığında 1 ildən  5 ilə qədər müddətdə dəyişir. Yəni sığorta haqqı kredit məbləğinin 2,8-8%-i civarında olur. Əmlak sığortasında isə bu rəqəmlər 0,25%- 1%  və1-5 il olur.  Sığorta hadisəsi baş verdikdə bütün prosedurlar normalda olduğu kimi baş verir. Sadəcə faydalanan tərəf bank olduğundan bank tələb edə bilər ki, əgər kredit gecikibsə həmin məbləğ ödənilən məbləğdən çıxıla bilər. Ümumiyyətlə bu tip müqavilələrdə bank xüsusi üstünlüyə malik olur.

Kreditlərin sığortalanması müştərilərə nə verir?

Hər bir sığorta müqaviləsi kimi bu tip müqavilələr də, müştərilərə rahatlıq, gələcəkdəki itkilərdən qorunma, xərclərin minimuma endirilməsi kimi bir sıra üstünlüklər verir. Yeganə bu sahənin mənfi cəhəti daha dəqiq desək tək problem ondan ibarət olmuşdur ki, sığorta haqqında mənfi imic formalaşmışdır. Düzdür vəziyyət heç də əvvəlki kimi kritik deyil. İnsanlar sığorta haqqında məlumatlıdırlar. Amma cəmiyyətimizdə sığorta savadı dərin deyildir. Kredit götürən insanların isə daha az ilkin ödəniş etmək istəməsi yüksək franşizalı ucuz sığorta əldə etməsinə səbəb olmuşdur. Hadisə zamanı isə yüksək franşiza müştəridə mənfi təəssürat yaradır. Bu da sığortanın bir sosial institut kimi mənfi imicə malik olmasına gətirib çıxarır. Yəni mənfi imic də, yaranır həm də, müştəri fayda götürür. Bu bir uyğunsuzluqdur. Bunun aradan qalxması üçün güclü maarifləndirmə olmalıdır. Düşünürəm ki, sığorta sözünü kim özünə yaxın hiss edirsə hər kəs bu barədə səy göstərməlidir. Maariflənmə güclü olduqda bu cəmiyyətə də, müsbət təsir göstərəcəkdir. 

Təşəkkürlər. 

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et