Deyir ki, marketinq bir həyat tərzidir. Həyat isə keşməkeşlərdən, əyri relyeflərin məcmusundan ibarətdir. Bizlərin gündəlik həyat tərzimizdə olan enişli yoxuşlu yollar eyni zamanda biznes sahəsində də vardır. Düşünür ki, müasir biznesdə rəqabət daha çox mal satıb, daha çox pul qazanmaq üçün deyil. Müasir biznesdə rəqabət müştərilər uğrunda aparılır. Çünki biznes bilir ki, məmnun müştəri biznesin kassasının dolu olması deməkdir. Bu səbəbdən Azərbaycanda da marketinq ən populyar biznes sahələrindən və yeni trendlərdən biridir.
Müsahibim “AzMarketinq Konsaltinq”in Marketinq Direktoru, “FOX” Dijital Agentliyinin həmtəsisçisi Seymur Quliyevdir. Qeyd edim ki, həmsöhbətim 1988-ci ildə Türkmənistan Respublikasının Krasnavodsk şəhərində neftçi ailəsində anadan olub. Hal-hazırda SOCAR-da marketinq üzrə çalışan S.Quliyev 2010-cu ildə Qafqaz Universitetinin Biznesin Təşkili və İdarəolunması ixtisası üzrə təhsil alıb: “Karyeramda Qafqaz Universitetinin danılmaz və inkar edilməz bir yeri vardır. 3-cü kursda oxuyarkən professional iş həyatına başladığım üçün universiteti bitirəndə artıq işim var idi və heç vaxt işsizlikdən əziyyət çəkməmişəm. 2011-2012-ci illərdə Böyük Britaniyada yerləşən Stirlinq Universitetində Marketinq üzrə magistr təhsili almışam. Bu mənada xaricdə aldığım təhsilin mənə iş tapmaqda köməklik edib desəm yalan olar, amma hər halda karyeramda bunun da öz rolu vardır deyə düşünürəm.
- Sizcə gənclər öz tələbəlik illərini necə dəyərləndirməlidir ki, universiteti bitirdikdən əmək bazarında özünə yer tapa bilsin?
- Dərs dediyim tələbələrə, yaxınlarıma, həmsöhbət olduğum gənclərə deyirəm ki, əmək bazarına atılmaq üçün universitetin bitməsini gözləmək lazım deyil. Günün saatlarını, dərs zamanlarını elə planlaşdırmaq lazımdır ki, oxuyarkən belə işləməyə zaman qalsın. Hər nə qədər klassik yanaşma olsa da, reallıq budur. Oxuya-oxuya maaş almadan belə işləmək lazımdır. Mən iki il bu formada işləmişəm. İki il əmək haqqı almadan, mütəxəssis kimi başladığım şirkətdə bugün marketinq direktoruyam.
- Qısa olaraq marketinq ifadəsini necə izah edərsiniz?
- Marketinq ilə bağlı çox yanaşmalar olsa da, mənim üçün marketinq insan (müştəri) zehninin psixoloji olaraq idarəedilməsi prosesidir. Çünki marketinq sadəcə müştəri davranışından və o davranışı biznesin lehinə çevirən sistemli addımlardan ibarətdir.
- Marketinqin hansı maraqlı tərəfləri sizi özünə cəlb etdi?
- Sosial bir insan olduğumu düşünürəm. Marketinqin müştəri elmi olması, sosial varlıqların davranışlarının idarə edilməsi haqqında olması məni bu sahəyə yönləndirib. Bakalavr vaxtı Nəsimi Kamalov Marketinqdən bizə dərs keçiridi. Onun ilk dərsində marketinqi izah etmə tərzi mənim marketinqin sehrli aləminə düşməyimə və özümü bu aləmdə başqa bir dünyada hiss etməyimə səbəb oldu. Nəsimi müəllimə çox şey borcluyam, çünki müəllimim başqası olsa idi, əminəm ki, mən bu sahədə olmayacaqdım.
- Bəs marketoloqun əsas özəllikləri nələrdir? Bu sənətin sahibləri hansı şəxsi keyfiyyətlərə malik olmalıdır sizcə?
- Klassik variantları desəm, inandırıcı, kreativ, yenilikçi olmalıdır. Mənim düşüncəmə görə isə, empatiya qabiliyyəti olan, sosial varlıqların davranışlarını analiz etməyi bacarmaq qabiliyyətlərin olması lazımdır.
- Necə düşünürsünüz, marketinq üzrə ali təhsil vacibdirmi? Yoxsa bir qədər təcrübə ilə hər kəs bu işi görə bilərmi?
- Əla sualdır. Bu gün Azərbaycanın marketinq bazarı bu istiqamətlərin arasında qalıb. Kimisi nəyinki marketinq, hətta iqtisadiyyat üzrə belə olsa təhsil almayıb, amma marketinq üzrə çalışır və hətta yeri gələndə müzakirələrə də girir. Təhsilini almadan işləmək olar, amma müəyyən bir yerə qədər. Metodika, bilik və tətbiq birlikdə olduqda sinerji effekti verir. Düzdür, bugünki nəzəriyyə keçmişlərin praktikası əsasında hazırlanıb, amma ən azından keçmişin praktikasını bilmədən bu sahə üzrə inkişaf etmək olduqca çətin olar. İşi kitabına uyğunlaşdırmaq üçün marketinq üzrə ali təhsil vacibdir. İqtisadi biliyi olmayan, mikro və makro iqtisadiyyat haqqında məlumatsız bir insan marketinq dənizində müəyyən bir yerə qədər avar çəkə bilər. Dalğalar, ssituasiyalar gücləndikcə daha çox güc yəni, marketinq bazası lazım olur, güc olmadıqda isə...
- Britaniyada olan biri kimi Britaniya təcrübəsindən nələrisə tətbiq etmək istərdinizmi? Yerli təcrübədə hansı çatışmazlıqlar var?
- Magistr oxuduğum müddətdə təcrübə əsaslı modul təhsili almışam, yəni hər keçilən dərsin təcrübəsi mövcud idi. Sadəcə onu demək olar ki, ölkəmizdə marketinqin inkişafı Britaniya ilə müqayisədə sürətini azaldaraq inkişaf edir. Yanaşmalar fərqlənir, Britaniyada marketinq xərcləri investisiya kimi hesablanır, bizim ölkədə isə birbaşa xərc kimi qeydə alınır. Staqflyasiya və böhran zamanlarında bizim müəssisələrimiz əyləci (tormuz) sıxır, Britaniyada isə qaz pedalı sıxılır. Müqayisə üçün çox nüanslar var. Həm öz şirkətimizdə, həm də çalışdığım şirkətdə beynəlxalq təcrübəyə tez-tez müraciət edirəm. Araşdırmalar aparmaqla beynəlxalq təcrübədə mənə lazım olan işin necə həyata keçirildiyini öyrənməyə çalışıram. Bizim ölkədə marketinq günü gündən inkişaf edir, çatışmayan tək şey inkişaf sürətidir, bazarda olan struktursuzluqdur. Bunlar düzəldikcə marketinq də düzələcək.
- Yerli və əcnəbilərdən kimləri izləyirsiniz? Kimlərin araşdırmaları diqqətinizi çəkir?
Yerli bazarda marketinq üzrə tanınmış şəxslər çoxdur, hər biri ilə də gözəl münasibətlərim var. Bəziləri olduqca çox yaxın dostlarım, bəziləri partnyorlarım, bəziləri isə çox yaxın münasibətdə olduğum kolleqalarımdır. Dostlarım Eyyub Qarabağlı, Qələndər Məmmədli, Tural Abbaslının işlərini izləyirəm. Əcnəbilərdən isə Türkiyə, Böyük Britaniya və ABŞ bazarını daha çox araşdırıram. Türkiyənin ən öndə gedən marketinq adamları da dostlarımız və partnyorlarımızdır, “Branduite Istanbul”-un rəhbəri Bülənt Fidan, Professor Uğur Batı, “Good Job” brendinq üzrə konsaltinq şirkətinin rəhbəri Serhan OK və s.
- “Real time” marketinq ifadəsini tez-tez eşidirik. Bunun anlamı nədir?
- RTM olaraq tanınan bu termin cəmiyyətdə baş verən və ictimaiyyət tərəfindən müsbət və ya mənfi mənada reaksiyalar ilə qarşılanan situasiyaları şirkətin lehinə çevirmək prosesidir. Keçən il enerji içkiləri arasında sosial şəbəkələrdə qızğın rəqabət vardı, sosial şəbəkə istifadəçiləri bunu maraqla izləyirdi, elə bu anda bir süd istehsalçısı yaranan situasiyada öz RTM gedişini etdi, “enerji qazanmaq üçün süd için” deyə paylaşımlar etdi. Bu gediş kifayət qədərdə maraq oyatdı.
- Marketinq hansı sahələrlə birbaşa əlaqədə olur?
- Marketinq İqtisadiyyatdan tutmuş tibbə kimi bütün sahələrlə əlaqədardır. Əsaslı şəkildə iqtisadiyyat sahəsi ilə bağlıdır. Qısa formada belə izah edə bilərəm ki, riyaziyyatda törəməni bilməyən ibtidai funksiyanı həll edə bilməz. İqtisadiyyatı bilməyən şəxsdə marketinq üzrə çox irəli gedə bilməz.
- Son illər tez-tez marketinq tədbirləri, forumlarının keçirildiyini görürük. Sizcə bunun hansı əhəmiyyəti var?
- Marketinq üzrə tədbirlər hər il keçirilir. Marketinq Sammiti, Marketinq forumu, marketinq üzrə meetup-lar hər il olur. Bunlar çox gözəl və marketinqin inkişafına birbaşa təsiri olan və alqışlanan fəaliyyətlərdir. Marketinq Sammitini biz keçiririk. Marketinq forumları isə yaxın dostlarımız və kolleqalarımız tərəfindən hər il davamlı şəkildə təşkil olunur.
- İnsanlar dostlarından, yaxın adamlarından aldıqları məsləhətlərin hamısına olmasa da çoxuna əməl edirlər. Məsləhət görülən bir məhsulu almağa çalışırlar. Bu marketinqdə özünü doğruldurmu? Yəni marketinqi bir növ dost tövsiyəsi kimi qəbul etmək olarmı?
- Marketinqdə referans qrupları, fikir (rəy) liderləri və təsir edənlər (influencer) adlanan qruplar vardır. Bu şəxslər insanların satınalma davranışlarına kifayət qədər təsit etmə gücünə sahibdir. Referans qrupları dediyimiz tanınmış bir şəxsin hansısa məhsulu istifadə etməsi və bunu ictimaiyyətə göstərməsidir, məsələn, C.Ronaldo “Clear” şampunu istifadə edirsə, Ronaldo sevənlər də o məhsula yönələcək. Fikir liderləri isə mütəxəssisi olduğu sahədə, mütəxəssisi olduğu məhsul haqqında fikir bildirir, məsələn diş həkiminin hansısa diş pastasını məsləhət bilməsi kimi. İnfluencer kimi tanınan təsir edənlər isə sadaladıqlarımızı sadəcə dijital platformalarda edən şəxslərdir. Yeni Klassik marketinqdə refreans qrupu və ya fikir lideri kimi tanınanlar, dijital marketinqdə sadəcə influencer kimi tanınır. Ağızdan-ağıza marketinq anlayışı da var. Dosta, tanışa tövsiyə əsasında olur, hər kəs bir birinə yayır və nəticədə biznes pul qazanmış və malını satmış olur.
- Bu sahədə yeni addımlayan gənclərə dəstək olursunumzu? Onlara hansı tövsiyələri vermək istərdiniz?
Mən UNEC-ın Sabah qruplarında və beynəlxalq iqtisadiyyat məktəbində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA proqramında marketinq dərslərinin tədrisi ilə məşğulam. Hər zaman tələbələrlə, gənclərlə bərabərəm və istədikləri marketinq köməyini onlardan əsla əsirgəmirəm. Tövsiyəm odur ki, marketinqi pul qazanmaq üçün yox, zövq almaq üçün seçsinlər. İnsan zövq aldığı işi görəndə daha çox pul qazanır.
- Sonda gələcək planlarınız haqda soruşmaq istərdik?
İndiyə kimi qarşıma qoyduğum bütün planları həyata keçirib məqsədimə çatmışam. Gələcək üçün yeni bir planımız isə dijital marketinq bazarında addımlarımızı itiləşdirmək və gücləndirmək idi və bununla bağlıda ilk addımı atmış olduq. Dostum Qələndər Məmmədli ilə “Fox” dijital marketinq agentliyini təsis etdik. Gələcək üçün planımız və məqsədimiz Azərbaycanın “Marketinq Bələdçisi” olmaq və Azərbaycan marketinqinin dostu olmaqdır.
Şəbnəm Mehdizadə, banco.az