Müəllif - Eldar Kərimov - Banco.az
Səudiyyə Ərəbistanının "Scopely Inc." şirkəti Amerika şirkəti "Niantic Inc." ilə onun video oyun biznesinin alınması barədə razılığa gəlib. Bu biznesə məşhur "Pokemon Go" mobil oyunu da daxildir.
Şirkətlərin mətbuat relizində bildirildiyinə görə, sövdələşmənin məbləği 3,5 milyard dollar təşkil edəcək. Səudiyyə Ərəbistanının suveren fondu "Public Investment Fund" (PIF) şirkətinin bölməsinə məxsus olan "Scopely" həmçinin "Pikmin Bloom" və "Monster Hunter Now" oyunlarına dair hüquqları da əldə edəcək.
"Niantic" 2015-ci ildə "Alphabet Inc."-ə məxsus "Google"dan ayrılıb. Şirkətin baş icraçı direktoru və qurucusu Con Henki "Google Geo" məhsul bölməsini idarə etməzdən əvvəl peyk xəritəçəkmə sahəsində çalışıb. 2024-cü ildə şirkət video oyun seqmentində 1 milyard dollar gəlir əldə edib, onun oyunlarının aylıq aktiv istifadəçi sayı təxminən 30 milyona çatıb.
"Niantic" 2016-cı ildə buraxılan və dərhal dünya miqyasında bestsellerə çevrilən "Pokemon Go" oyununun inkişaf etdiricisi kimi tanınıb. Şirkətin öz məlumatlarına görə, "Pokemon Go" tarixin ən çox yüklənən və gəlir gətirən əlavə reallıq tətbiqidir. Oyunda məqsəd interaktiv xəritə ilə gəzərək pokémonları tapmaqdır.
Lakin sonradan şirkətdə problemlər yaranıb və 2022-2023-cü illərdə o, işçi heyətini ixtisara salmağa və inkişaf mərhələsində olan bir sıra oyunlardan imtina etməyə məcbur olub. 2022-ci ildə "Niantic" 2019-cu ildə buraxılmış "Harry Potter: Wizards Unite" oyununu bağlayıb.