Səhmlərin buraxılması prosesinin mərhələləri (IPO) | Banco.az

Səhmlərin buraxılması prosesinin mərhələləri (IPO)

IPO şirkət tərəfindən səhmlərin ictimaiyyətə ilkin olaraq təklifi və satışı prosesini əhatə edir.

Bu, adətən yeni və kiçik müəssisələr tərəfindən əlavə maliyyə vəsaiti cəlb etmək və kapitalını genişləndirmək, böyük şirkətlər tərəfindən isə ictimaiyyətə açıq olmaq üçün həyata keçirilir.

Bu prosesin həyata keçirilməsində müəssisələrə anderrayterlər kömək edir. Belə ki, onlar müəssisələrə emissiya olunacaq səhmlərin növünü seçməkdə, onlar üçün qiymətlərin müəyyən edilməsində və həmin səhmlərin bazara çıxarılması vaxtının qərarlaşdırılmasında yardımçı olurlar. Anderrayterlər qismində İnvestisiya bankları çıxış edir.

Müəssisələr səhmlərin satılması prosesini anderrayterlərin köməyi olmadan özləri də həyata keçirə bilərlər amma bu nadir hallarda baş verir.

IPO bir neçə mərhələdə həyata keçirilir:

  • Əvvəlcə anderrayter tərəfindən səhmlərin buraxılışı üzrə təkliflər hazırlanaraq müəssisəyə təqdim olunur, həmin təkliflər üzrə ümumi razılaşma əldə edildikdən sonra isə səhmlərin buraxılması üçün müvafiq dövlət orqanından icazə alınır və buraxılış üçün tarix müəyyən edilir.
  • Sonrakı mərhələdə anderrayterlər səhmlərə marağı artırmaq üçün böyük investorları cəlb edərək onları həmin səhmlərlə və onların şərtləri ilə tanış edirlər. Əgər bu səhmlər həmin investorlar tərəfindən bəyənilərsə anderrayterlər bazara çixarılma müddətindən əvvəlki qiymətlə səhmləri onlara satılır.
  • Növbəti qərar isə buraxılış müddəti yaxınlaşdıqca səhmər üçün bazar qiymətini müəyyənləşdirmək olur. Qiymətin müəyyən edilməsi bir neçə amildən, əsasən də böyük investorların səhmlərə olan marağından, yəni bundan əvvəlki mərhələnin nə dərəcədə uğurlu olmasından asılıdır.
  • Sonda, səhmlər maliyyə bazarına çıxarıldıqdan sonra kiçik investorlar bu səhmləri əldə edə bilirlər.

 

Ən sərfəli kredit üçün müraciət et