Səfir: “Türkiyəli iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasında iştirak edəcək“ | Banco.az

Səfir: “Türkiyəli iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasında iştirak edəcək“

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

DGK-nın Mətbuat Xidmətindən verilən məlumata görə, A. Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

A. Əliyev ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin  daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. A. Əliyev əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iki ölkə arasında iqtisadi-ticari münasibətlərdən, ticarət dövriyyəsindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı söhbət açıb.

İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, A. Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə Azərbaycan gömrük xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə  qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb. Ölkəmizdə biznes mühitinin,  sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması  istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən komitə sədri bu islahatların türkiyəli iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və ümidvar olduğunu bildirib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar türkiyəli iş adamları ölkəmizə investisiya yatıracaq, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına öz töhfələrini verəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

E. Özoral qardaş ölkədə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, xüsusilə, türk iş adamlarının gömrüklə bağlı razılıqlarını ifadə etdiklərini, heç bir problemlərinin olmadığını vurğulayıb.

Səfir bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə, eləcə də türkiyəli iş adamlarının ölkəmizə investisiya yatırması, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılması işində yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et