Sahibkarlarla "İxracatçılara dəstək layihəsi" müzakirə olunub | Banco.az

Sahibkarlarla "İxracatçılara dəstək layihəsi" müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC və Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti, Azexport portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu barədə iştirakçıları məlumatlandıraraq, ölkəmizin ixrac coğrafiyasının diversifikasiyası və qeyri-ənənəvi bazarlara çıxış imkanları baxımından görüşün vacibliyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

 "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova fermerlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, bu istiqamətdə ixracatçıların çətinliklərinin aradan qaldırılması ilə əlaqədar nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Bundan əlavə tədbirdə aqrar sahədə yeni subsidiya mexanizmi və maliyyə resurslarına çıxış, Azərbaycanın ixrac potensialı və USAID-in töhfəsi barədə çıxışlar edilib, eləcə də yeyinti məhsullarının ixrac coğrafiyası və xarici dövlətlərin idxal tələbləri üzrə təqdimat olunub.

Tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et