Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq | Banco.az

Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qərarı ilə “Allergiya və ya dözümsüzlüyə səbəb olan maddələr və qida məhsullarının siyahısı” təsdiq edilib.

AQTA-dan verilən məlumata görə, siyahı “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən hazırlanıb və qida məhsullarının istehsalı zamanı istifadə olunan və hazır məhsulda mövcudluğunu saxlayan, allergiyaya səbəb ola bilən maddələr yer alıb. 

Sıyahı ilə təsdiq edilmiş allergenlər siyahısına qlüten tərkibli taxıllar, xərçəngkimilər, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları, qərzəkli meyvələr, kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfidlər, acı paxla, həmçinin molyusklar daxildir

Qanuna əsasən, allergenlər mütləq şəkildə qida məhsulunun etiketində aydın şəkildə əks etdirilməlidir. Bu, istehlakçıya məhsul seçimi zamanı onun tərkibini düzgün qiymətləndirməyə və sağlamlığı üçün yarana biləcək risklərdən qorunmağa imkan verir.

Allergenlərin qida məhsulunda mövcudluğu yalnız əsas xammal və ya inqrediyentlərlə bağlı olmaya bilər. Belə maddələr məhsulun hazırlanması zamanı istifadə olunan digər inqrediyentlərdən, eləcə də istehsal prosesində allergenlərlə təmasda olmuş avadanlıq və digər vasitələrdən məhsula keçə bilər. Bu baxımdan qida məhsullarının istehsalı və dövriyyəsi ilə məşğul olan sahibkarlar məhsulların tərkibində allergenlərin mövcudluğunu düzgün müəyyənləşdirməli və bununla bağlı məlumatları etiketdə əks etdirməlidirlər. 

Yerli biznesin buna hazırlaşmasına 4 ay vaxt verilib - tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə həmin tarixədək məhsulların etiketlənməsi, məhsulların tərkibi barədə məlumatların dəqiqliyinin təmin edilməsi və allergenlərin müəyyənləşdirilməsi ilə bağlı zəruri hazırlıq işlərini həyata keçirməyi tövsiyə edib.