Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Məlum olduğu kimi, Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub. Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələri, Monqolustan, Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.
Bu barədə Banco.az-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Rusiyanın daxili bazarında yanacaq qıtlığı hiss olunmasa da, vəziyyət heç də əvvəlki dövrlərdə olduğu kimi qənaətbəxş deyil:
“Digər bir səbəb isə odur ki, Ukraynanın davamlı olaraq yanvar-fevral aylarında Rusiyanın beş neftayırma zavoduna etdiyi hücumlar nəticəsində bəzi istehsal qurğularının fəaliyyətini hələ də bərpa etmək mümkün olmayıb. Rusiyanın da, hərbi əməliyyatlarla bağlı yanacağa ehtiyac var. Yaranmış gərginlik fonunda Rusiya mart ayının birindən 6 ay müddətinə avtomobil benzininin ixracını dayandırmaq qərarı alıb”.
Vəziyyətin Azərbaycanda benzin qiymətlərinə təsirləri barədə danışan İlham Şaban vurğulayıb ki, ixrac edilən benzinin həcmində azalma var:
“Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycan 86 min ton , AI- 95 markalı benzini idxal edib. 98 markalı benzin isə 2000 tondan bir qədər artıq olub. İdxal olunan yüksək oktanlı benzinin ümumi həcmi 88000 ton olub. Müqayisə üçün deyə bilərik ki, Azərbaycanda 2022-ci illə müqayisədə yəni 2023 –cü ildə 13.5 ton azalma var. Bu davam edən azalmadır. Çünki 2022-ci ildə də 2021-ci ilə nisbətən azalma qeydə alınmışdı. İdxalın pik dövründə bu rəqəm 98000 ton olmuşdu. Rusiyadan Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi benzin idxalındakı xüsusi çəkisi 47 faizdir.
Azərbaycan bir çox ölkələrdən bu benzini idxal edir. Bunların içərisində Belarus, Rumıniya, Yunanıstan, hətta Gürcüstan da var. Düzdür, Gürcüstan istehsal etməsə də, orada SOCAR-ın yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan da açıq bazardan bəzən benzin alır. Biz hətta kiçik həcmdə də olsa Bolqarıstandan da benzini idxal eləmişik. Ona görə Azərbaycan üçün hansısa belə bir problem yoxdur.
İkinci bir tərəfdən cari ildə ötən illə müqayisədə daha az həcmdə yüksək oktanlı benzin idxalı baş verməlidir. Məlumatlara görə, cari ilin dördüncü rübü hətta sentyabr ayı üçün artıq Azərbaycan yüksək oktanlı benzinin istehsalını həyata keçirəcək.Düşünmürəm ki, Rusiyadakı qadağa daxili bazar üçün problem olsun”.
Bizi sosial şəbəkələrdən izləyin!!