Rusiya Gömrük Xidmətinin rəsmi nəşrində Azərbaycan gömrüyü barədə məqalə dərc olunub | Banco.az

Rusiya Gömrük Xidmətinin rəsmi nəşrində Azərbaycan gömrüyü barədə məqalə dərc olunub

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbu orqanı olan "Tamojnya" nəşrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasının 25 illiyinə həsr edilmiş "Dövlətin maraqlarını müdafiə edərkən" başlıqlı məqalə dərc olunub.

DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, məqalədə Azərbaycan gömrüyünün tarixindən, eləcədə müstəqil gömrük xidmətinin inkişaf yolundan bəhs edilir. Vurğulanır ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün əlverişli tarixi şərait yaranıb. Müstəqil Azərbaycan gömrüyü demək olar ki, Azərbaycanın dövlət müstəqilliyi ilə həmyaşıddır. Müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da DGK yaradılıb.

Qeyd edilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının qorunması, xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi olub. Qısa zaman kəsiyində milli gömrük xidmətinin yaradılması bütün kəskinliyi ilə qarşıda durub. Həmin illərdə DGK yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməyib.

"1991-1993-cü illərdə Azərbaycanda hökm sürmüş mürəkkəb şəraitdə zəruri hüquqi-normativ bazaya malik gömrük sisteminin formalaşdırılması mümkün ola bilməzdi. Gömrük orqanları qarşısında duran vəzifələr, demək olar, icra edilmir, neqativ hallar isə gömrükdə təsadüfi deyildi", - deyə məqalənin müəllifi əlavə edib ki, belə şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR DGK-nin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq üçün imkan yaradıb, eləcədə bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş olub.

Daha sonra müəllif yazır ki, 1991-1993-cü illərdə ölkənin ictimai-siyasi həyatındakı qeyri-sabit vəziyyətə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə son qoyulub. Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirilib. 1995-ci il yanvarın 9-da Azərbaycan prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə isə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən edib.

Ən sərfəli kredit üçün müraciət et

Heydər Əliyevin iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da DGK-nin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqinə toxunan müəllif qeyd edib ki, həmin çıxışda Heydər Əliyev gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz ölkəsinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərib.

“Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafındakı rolunu yüksək qiymətləndirən dahi rəhbər bu orqanın fəaliyyətini daim diqqətdə saxlayıb. Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-un gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsi olub”, - deyə məqalədə ümummilli liderin Azərbaycan gömrük xidmətinə diqqət və qayğısına toxunulur.

Məqalənin sonunda vurğulanır ki, bu gün Heydər Əliyev yolunun layiqli davamçısı prezident İlham ƏliyevAzərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini ən yüksək səviyyədə qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.

"Bütün bunlar Azərbaycanda bu gün dövlətin maraqlarını qətiyyətlə müdafiə edən və qanunun keşiyində möhkəm duran ən təkmil gömrük sistemlərindən birinin fəaliyyət göstərdiyini söyləməyə əsas verir", - deyə müəllif fikrini tamamlayır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et