Rusiya buğdanın ixracına qadağa qoydu - Azərbaycana təsiri gözlənilirmi? | Banco.az

Rusiya buğdanın ixracına qadağa qoydu - Azərbaycana təsiri gözlənilirmi?

Müəllif:Gülbəniz Hüseynli/Bnaco.az

Noyabrın 24-də Rusiya hökuməti buğda məhsullarının qiymətlərini sabitləşdirmək üçün 2023-cü il dekabrın 1-dən 2024-cü il mayın 31-dək buğdanın ixracına qadağa qoyub. Hökumət həmçinin Rusiyadan 24 milyon ton taxıl ixracı üçün kvota müəyyən edib.

Qərar ərzaq təhlükəsizliyi və daxili bazarda taxıl məhsullarının istehlak qiymətlərini sabit qalmasını təmin etmək üçün qəbul edilib.

Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub.

Xatırladaq ki, cari ilin  avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb. Bundan bir həftə əvvəlki tarixlə müqayisədə bir ton buğdanın ixrac rüsumu 15 % artırılaraq 4 min 269,9 rubl, arpanın ixrac rüsumu 95,7 % artırılaraq 860,3 rubl, qarğıdalının ixrac rüsumu isə 14,7 % artırılaraq 2 min 495,3 rubl olub.

“İxraca qoyulan qadağa qıtlığa səbəb olmayacaq”


Rusiya hökümətinin buğdanın ixracına dair  qəbul etdiyi qadağanın Azərbaycana təsirləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirdi ki, vaxtaşırı olaraq həyata keçirilən bu kimi tədbirlər ciddi təhlükə yaratmayacaq:

“ Azərbaycan tərəfi ümumiyyətlə idxalı uzunmüddətli dövr ərzində planlayaraq həyata keçirir.  Hazırda dünyada taxıl böhranı yaşanmır. Bundan öncə tətbiq edilən qadağaların əvvəlki dönəmlərdə də yaranma səbəbi reallığı əks etdirmirdi. Bu, sadəcə olaraq müharibənin başlama səbəbindən yaranmış psixoloji təhdid idi.  

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi qorxulu proqnozlar artıq sovuşub. Dünya ölkələri həmin proqnozların reallığı əks etdirmədiyinə əmin olduqdan sonra qəbul etdikləri qadağaları geri götürdülər. Nəticədə, əlavə ərzaq, buğda tədarükü həcmləri artırılmadı.

Bundan sonra artıq stabilləşmə baş verdi. Hazırda Rusiyanın bu qərarı da çörək və un məhsullarının qıtlığı kimi problemlərə səbəb olmayacaq”.

Buğda istehsalında azalma , idxalda artım var

Ən sərfəli kredit üçün müraciət et

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı 1 milyon 736 min ton təşkil edib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton olmuşdu. Bu isə ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalmanın baş verdiyini göstərir.

Rəsmi statistikaya əsasən, 2022-ci ildə ölkə xaricdən 1 milyon 292,996 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəki idxaldan 12,6 faiz çoxdur. Bu idxal ölkəyə 436 milyon 551,2 min dollara (artım 31,5 faiz) başa gəlib. Bu isə 2022-ci ildə  buğdanın tonunun idxalına orta hesabla 337,6 dollar xərc çəkildiyi deməkdir.

Azərbaycan 2022-ci ildə Qazaxıstandan 95 milyon 800,45 min dəyərində 280,016 min ton buğda idxal edib ki, bu da 2021-ci ildəkindən 5,3 dəfə çoxdur. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 342,12 dollara başa gəlib. Hesabat dövründə Rusiyadan buğda idxalında həcm ifadəsində 7,9 faiz azalma baş verib. Şimal qonşudan 1 milyon 8,061 min ton buğda alınıb. Lakin Rusiya məhsuluna ödənilən məbləğ 17 faiz artmaqla 337 milyon 491,94 min dollara çatıb. Nəticədə bir ton Rusiya buğdası üçün Azərbaycan 334,79 dollar ödəyib.

Azərbaycanın Kənd Təsər­rüfatı Nazirliyinin məlumatına görə, ölkənin buğdaya ümumi tələbatı ildə 3,2-3,3 milyon ton təşkil edir. 2023-cü ildə sahələrdən 2 milyon 975 min 3 yüz ton məhsul toplanmış, məhsuldarlıq 32 sentnerə bərabər olmuşdur. Ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiy­məti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə isə orta qiymət 282 dollar (480 manat) olub. Bu da onu göstərir ki, buğdanın idxal dəyəri artıb. 

Bu ilin 6 ayında isə Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu həcm­də buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23 faiz) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8 faiz) çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et