Reyhan Camalova: “Gələcəkdə robot müharibələri dünyanı fəlakətə, cəmiyyəti isə süquta gətirib çıxara bilər” | Banco.az

Reyhan Camalova: “Gələcəkdə robot müharibələri dünyanı fəlakətə, cəmiyyəti isə süquta gətirib çıxara bilər”

Müsahibimiz 17 yaşlı ixtiraçı Reyhan Camalovadır. Kiçik yaşlarından ixtiralar edib, kağızlardan xüsusi qurğular düzəldən Reyhan gələcəkdə bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atacağına inanır.

 

ABŞ-ın Finiks şəhərində keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək mənim üçün qürurverici idi.

ABŞ-ın Finiks şəhərində keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində 80 ölkədən 1800-dən çox layihəninin təqdimatı keçirildi. Bu sərgidə müxtəlif ölkələrdən 3000-dən çox şagird iştirak edirdi. 1800 layihənin arasında “Rainergy” layihəsi ilə Azərbyacanı təmsil etmək mənim üçün, həm həyəcanverici, həm də qürurverici bir hiss idi. Onu da qeyd edim ki, bu il Azərbaycanı 5 layihə ilə 7 şagird uğurla təmsil etdi. Məncə, həmin sərgidə ən böyük qalibiyyətimiz qazandığımız yeni əlaqələr, dostluqlar və həmçinin də layihələrimizi yeni yöndə inkişaf etdirmək üçün mütəxəssis münsiflər heyətinin bizlərə olan yeni məsləhətləri idi. Bu sərgidə qalibiyyət üçün çox az yer ayrılmışdı və qaliblərin də təqribən 75% Amerikadan idi. Bu təbii bir haldır çünki Amerika və ya digər inkişaf etmiş ölkələrlə Azərbaycanı müqayisə etsək görərik ki, həmin ölkələrdə şagirdlərin istifadəsinə verilən laboratoriya və layihələrini inkişaf etdirmək üçün yaradılan şəraitləri Azərbayan ilə eyni deyil. Azərbaycan məktəblərində yeni-yeni laboratoriya inkişaf etdirilməkdədir. Məncə, gələcəkdə bu inkişaf öz müsbət bəhrəsini verəcək və daha yaxşı layihələr işlənəcək.

 

Gələcəkdə robot müharibələri dünyanı fəlakətə insanları isə süquta gətirib çıxara bilər.

Bu gün qeyri-neft sektoruna ən əsas da süni intellekt sahəsinə qlobal şəkildə böyük maraq görürük. Azərbaycanda da bu sahə inkişafdadır və artıq gələcəyi süni intellekt üzərində düşünürlər. Mənim fikirlərim bu yöndə fərqlidir. Düzdür, texnologiyanın müsbət tərəfləri çoxdur, amma cəmiyyətimizə böyük dəyişikliklər gətirən bu sahənin mənfi cəhətləri də var. Öncə onu deyim ki, mən filmlərdə bizə göstərilən hadisələrin bir mesaj xarakteri daşıdığına və sonradan da reallığa çevrildiyinə inanıram. Buna nümunə olaraq bir neçə film adı da çəkmək olar. Məsələn, “Sehrli xalat” filmini xatırlasaq görərik ki, filmdə nümyiş edilən bir çox elektron əşyalar bu gün artıq bizim gündəlik istifadə etdiyimiz texnoloji əşyalardır. Hansı ki, 20 il öncə insanlara bu əşyaların varlığı nağıl kimi gəlirdi. Məncə, filmlərdəki kimi gələcəkdə robot müharibələri dünyanı fəlakətə, insanları isə süquta uğratmasına gətirib çıxara bilər. Biz filmlərdə bu mesajları tez-tez alırıq və düşünürəm ki, 50 və ya 100 il sonra bu hadisələr gerçəkləşə bilər. Yəni bu sahənin həddindən çox inkişaf etdirilməsi müəyyən dərəcədə mənfiliklər yaradacaq.

 

İşıq sürətilə işləyən nəqliyyat vasitəsi yaradılsa...

Ətrafımıza baxanda görürük ki, bizə 10 il əvvəl fantaziya kimi gələn texnoloji əşyalar bugünün reallığıdır. Yəni texnologiya dünya müstəvisində sürətlə inkişaf edir. Məncə, insanların həyatını olduğundan daha çox rahatlaşdıracaq daha bir ixtira işıq sürətilə işləyən nəqliyyat vasitəsinin yaradılması olardı. Təsəvvür edin işıq sürəti ilə işləyən nəqliyyat fəaliyyət göstərir və bir göz qırpımında xaricdə yaşayan biri ailəsinin yanında olur. Bu vasitə bizə zamanı qazandıra bilər. Hətta belə bir ixtira ilə insanlar başqa qalaktikalara da gedə bilər, Yer kürəsindən də başqa yaşayış yerləri aşkarlayarlar. Bu bəlkə də bu gün bir xəyala bənzəyir amma 10, 20 və ya 50 ildən sonra biz bu ixtiranın da canlı şahidləri olacağıq. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bu günün ən böyük kəşfləri işıq və elektrik cərəyanıdır.

Mənə görə, nə külək boşuna əsir, nə yağış, nə də şimşək məqsədsiz çaxır. Ətrafımızda nə görürüksə, hər birindən yeni kəşflər, insanlığa yararlı ixtiralar düzəltmək mümkündür. Məncə, bugünədək olan ən böyük texnoloji kəşf işıq və elektrik cərəyanıdır. Hazırda dünyamızı bu iki kəşfsiz təsəvvür etmək qeyri-mümkündür. Onlarsız xaos yaranar.Buna görə də, biz həm Tomas Edisona, həm də Nikola Teslaya və bu sahənin inkişafında rolu olan hər bir şəxsə minnətdarlıq duymalıyıq.

 

Biz hələ kainatın 98%-ni öyrənməmişik...

Məncə, elm heç bir zaman fantaziyanı üstələyə bilməz.Çünki biz elmin 2%-dən də azını öyrənib kəşf etmişik. Hətta belə bir fakt da mövcuddur ki, qara maddələr və qara enerjidən təşkil olunan kainatın 98%-ni biz hələ öyrənməmişik. Əlbəttə ki, elmin fonu, limiti yoxdur sadəcə insanlar elmin limitli bir hissəsini bilir. Fantaziyanın isə heç bir limiti ola bilməz. Bəlkə də biz milyon illər sonra elmin tam dərinliyinə enə bilərik amma o zaman belə fantaziya daha da öndə olacaq.

 

Azərbaycanda uğursuz startapların ən əsas səbəblərində biri psixoloji dəstəyin olmamasıdır.

Azərbaycanda startap ekosistemi uğurla inkişaf etdirilsə də, müəyyən çatışmazlıqlar var. Həmin çatışmazlıqlar bir çox startapların uğursuz olmasına gətirib çıxarır. Məncə, bu uğursuzluğun ən əsas səbəblərindən biri psixoloji dəstəyin olmamasıdır. İlk startapa başlayanda ətrafdakı bir çox insanla layihəçini həvəsdən salmağa çalışırlar. Ümumiyyətlə, startapı hazırlayan şəxs eləcə də ətrafdakı insanlarda, hətta investorlarda da belə bir düşüncə var ki, bir startap yəni ideya yarandığı anda gerçəkləşmirsə həmin startap zəif və uğursuzdur. Digər ölkələrdə isə belə bir yanaşma yoxdur. Onlar bütün startapları yalnız bu gün üçün deyil 10 və yaxud 20 il sonra gerçəkləşəcəyinə inanır və gələcək üçün çalışırlar. Digər tərəfdən isə maliyyə məsələsidir. Sərmayəçilər startaplara yatırım etmək istəyirlərsə, səhəri gün 10 qat artıq gəlir götürmək istəyirlər. Məncə, bu gün Azərbaycanda startap ekosistemini inkişaf etməyə qoymayan problemlərdən əsası da budur. Ancaq son zamanlarda bu yöndə dövlət tərəfindən mühüm işlər aparılır. Bir çox inkubasiya və akselerasiya mərkəzləri yaradılır, dövlətin startaplara dəstəyi genişlənir. Uğurlu bir startap üzərində işləyən şəxslər öncə kənardan gələn fikirlərə, həvəsdən salan şərhlərə deyil, özünə, ideyasına inanmalı və bunun üzərində əzmkarlıqla işləməlidir. Bu inam və əzimkarlıq uğurlu startapların əsas təməllərindəndir. Mən “Rainergy” startapına başlayanda nə müəllim, nə də dostlarım məni dəstəkləmədilər, lakin mən ideyama inandım. İnandım və bu layihə həqiqətən də sevildi, uğur qazandı. Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et