Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycanda “OKX” və “ByBit” kriptobirjalarına giriş internet üzərindən məhdudlaşdırılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Hazırda kriptobirjalara artan maraq fonunda təhlükəsizlik məsələsi də kripto istifadəçilərini maraqlandıran məsələlərdən biridir.
Bu barədə Banco.az-a açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib ki, bu platformalara məhdudiyyətin qoyulması kripto istifadəçilər üçün təkcə elektron cüzdanında olan maliyyə vəasitlərinə girişin qəfil itirilməsi yox, həm də bir emosional zərbədir.
Ekspert hesab edir ki, ənənəvi bank sistemlərinə alternativ olaraq kriptovalyutalara müraciət edən investorlar yeni platformalar tapmaqda qeyri-müəyyənliklə üzləşəcək.
“Məhdudiyyət tədbiri gələcəkdə digər kripto platformalara da tətbiq edilə bilər. Ölkəmizdə daha çox populyar olan binance, mexc, gate.io, bitfinex, kucoin və s kimi birja istifadəçiləri də bu qərardan narahat olmağa başlayıb. Bu problemin mərkəzində dövlət tənzimləməsi və texnoloji innovasiyaların təşviqi arasında zərif tarazlıq durur. Sərt tədbirlərin həyata keçirilməsi Azərbaycanda rəqəmsal valyutalar sektorunda dövlət nəzarətinin rolunun və əhəmiyyətinin yüksək dərəcədə olmasını xarakterizə edir. Böyük ehtimal, məhdudiyyət qoyulan kriptovalyuta birjaları ölkənin pul köçürmə və çirkli pulların yuyulması üzrə müvafiq tələblərin yerinə yetirilməsi ilə bağlı əməkdaşlıqdan imtina edib və ya sorğulara cavab verməyiblər. Bu təcrübə bir çox ölkələrdə mövcuddur. Bir çox kriptovalyuta platformaları lazım olduğu zaman fraud (qanunsuz) əməliyyatların qarşısını almaq üçün yerli maliyyə tənzimləyiciləri və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər”.
Ekspertin fikrincə, bundan sonra da ölkənin müvafiq qanunları üzrə tələblərə cavab verməyən rəqəmsal aktivlər üzrə platformalara məhdudiyyət qoyulması tədbirləri davam edəcək:
“Əgər hər hansı bir platformaya Azərbaycandan olan istifadəçi sayı və ya ticarət dövriyyəsi əhəmiyyət kəsb edirsə, onlar yerli orqanlar ilə əməkdaşlıqda maraqlı olacaq və müvafiq tələbləri və ya sorğuları yerinə yetirmək məcburiyyətində qalacaqlar.
Kripto investorlara tövsiyyə edərdim ki, vəsaitlərini bir platformada deyil, bir neçə platformada diversifikasiya edərək saxlasınlar. Əgər siz uzunmüddətli investorsunuzsa o zaman yaxşı olar ki, rəqəmsal vəsaitlərinizi soyuq cüzdanlarda saxlayasınız. Bu tip cüzdanlar haker hücumlarına məruz qalmadıqları üçün ən təhlükəsiz kripto-cüzdanlar hesab edilir və USB cihaz formatında olur”.
Bizi sosial şəbəkələrdən izləyin!!