HR-menecerlər rəhbər vəzifəyə işçi axtararkən bəzi məqamları nəzərə almalıdır.
Namizəd iş texnologiyalarının dəyişməsinə necə münasibət göstərir.
Şəxsdən hansı şirkətlərdə işləyərkən özünü daha rahat hiss etdiyini soruşun. Proseslərin nadir hallarda dəyişdiyi və ya dəyişikliklərin tez-tez baş verdiyi müəssisələri bəyənməsi ilə maraqlanın. Səbəbini öyrənin. Dinamik bir strukturunuz varsa və namizəd dəyişiklikləri sevmirsə, deməli, sizə uyğun deyil. Novator biri isə konservativ şirkətə yaraşmayacaq.
Şəxs qərar verməyi xoşlayırmı
İşaxtaranın əvvəlki iş yerlərində vacib istehsal qərarlarını necə verdiyini, bu işdə fəal iştirak edib-etmədiyini öyrənin. Həmişə təkcə liderin qərar verdiyi şirkətlərdə işləyibsə, çox güman ki, təbiətcə sırf icraçıdır. Ondan təşəbbüslər gözləməyin. Peşəkar olsa belə bu tip insanın yaxşı bir layihə meneceri olacağı ehtimalı azdır.
Namizəd hansı növ nəzarəti məqbul hesab edir
Ondan əvvəlki iş yerindən nümunələr göstərməsini istəyin. Yalnız bəzən yoxlanıldığını söyləyirsə, qarşınızda yüksək dərəcədə azadlıq hissinə malik və nəticəyönümlü bir insan var. Şirkətiniz işçilərə sərt nəzarət tətbiq edirsə, sərbəstliyə öyrəşmiş yeni əməkdaş burada çox qalmayacaq.
Şəxs reqlamentlərə, yoxsa müstəqil işləməyə meyllidir
İşaxtaran bütün iş proseslərinin ciddi şəkildə təyin olunduğu şirkətlərdə işləyibsə və bu qaydanı mənimsəyibsə, qeyri-rəsmi ünsiyyət tərzi olan bir şirkətə uyğunlaşması çətin olacaqdır. O, hamının qaydalara əməl edəcəyini gözləyəcək və işi batıracaq. Ancaq ciddi iş qaydaları olan bir təşkilata rahatlıqla adaptasiya ola biləcəkdir.
Vəzifə öhdəliklərindən kənar işlərin icrasına münasibəti necədir
Ona iş təsvirinin çərçivəsindən kənara çıxan tapşırıqlar verilib-verilmədiyini, buna reaksiyasının necə olduğunu soruşun. Əgər bu yolla funksionallığını genişləndirdiyini, yeni şeylər öyrəndiyini söyləyirsə, deməli, qarşınızdakı insan inkişaf etməyi sevir. Təlimat çərçivəsində hərəkət etməyə meyllidirsə, onun məsuliyyət dairəsini genişləndirmək çətin olacaq.
Namizəd nə cür kitablar oxuyur, nə ilə maraqlanır, necə geyinir
Vakansiya üçün müraciət edənlərin maraq dairəsini müəyyənləşdirin, bununla da şəxsin işləyəcəyi komandaya nə dərəcədə yaxın olduğunu başa düşəcəksiniz. Davranış və jestlərə, xarici görünüşə diqqət yetirin. Şifahi və qeyri-verbal təzahürlər eyni dərəcədə vacibdir. Bu insan “sizin adamınızdır” ya yox, hətta jestlərlə də intuitiv olaraq anlayacaqsınız.
Hansı ünsiyyət tərzi namizədə daha yaxındır
Potensial layihə menecerinin rəhbərdən hansı formada geri əlaqə almaq istəyəcəyini öyrənin. Namizəd müdirlə üzbəüz ünsiyyəti üstün tutursa, lakin rəhbər əməkdaşların işini hər kəsin içində qiymətləndirməyə vərdiş edibsə, işçi üçün çətin olacaqdır. İşaxtaranın yazılı şəkildə əlaqə yaratmağa, rəhbərliyin isə göz-gözə ünsiyyətə meylli olması da vəziyyəti qəlizləşdirir.
Şəxs nə dərəcədə ünsiyyətcil və səriştəlidir
İşlərin müvəffəqiyyətlə nəticələnməsi üçün səlahiyyətli mütəxəssis və əlaqələri olan adam lazımdır. CEO və ya yuxarı halqadan birindən yeni əməkdaşa dəstək olmasını xahiş edin. Hər şey uğurlu alınsa, nəticə ürəkaçan ola bilər. İşçi yalnız komandaya uyğunlaşmayacaq, həm də şirkətin işinə yeni nəfəs gətirəcəkdir.
Nigar Umaxanlı, Finco.az