Bu ilin yanvar - sentyabr aylarında Azərbaycanda sığorta haqlarının 237,3 milyon manatı və ya 75,5%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasından əldə edilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 14,8 milyon manat və ya təxminən 5,9% azalıb. Qeyri-həyat sığortası üzrə yığımların 22,4 %-i və yaxud 53,2 milyon manatı tibbi sığortanın, 21,6%-i və ya 51,3 milyon avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 27,7 milyon manatı kasko sığortanın, 9,7%-i və ya 23 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6%-i və ya 13,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb. 2014-cü ilin ilk 9 ayında sığorta bazarındakı ödənişlərin 79,8%-i və ya 92,85 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 7,35 milyon manat və ya təxminən 8,6% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,9%-i və ya 35,2 milyon manatı tibbi sığortanın, 22,2%-i və ya 20,6 milyon manatı kasko sığortanın, yəni 22,7%-i və ya 21,1 milyon manatı avtomobillərin icbari sığortasının, 6,6%-i və yaxud 6,1 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7%-i və ya 1,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb. Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,1 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar - sentyabr aylarında 33,9 manat olub.
Fins.az