Qara qutu niyə vacibdir və necə ixtira edilib? | Banco.az

Qara qutu niyə vacibdir və necə ixtira edilib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Keçmişdən bu günə kimi aviasiya sahəsindəki inkişaf sayəsində hava səyahətləri daha təhlükəsiz hala gəlib. Buna baxmayaraq, bir çox sərnişinin həyatını itirdiyi müxtəlif ölkələrdə dəhşətli təyyarə qəzaları baş verə bilər. Belə qəzalar zamanı ən önəmli cihazlardan biri də qara qutulardır. Adından fərqli olaraq, qara qutular qəzaya səbəb olan araşdırmalara işıq salır. Bəs qara qutu nə vaxt və necə icad edilib? Qara qutunun ixtiraçısı kimdir? Qara qutuda hansı məlumatlar qeyd olunur? Qara qutuların əsl rəngi nədir?

Qara qutunun ixtira hekayəsinə və işləmə mexanizminə nəzər salaq:

Qara qutu nədir?

Qara qutu hava səyahətləri zamanı uçuşla bağlı məlumatların qeydə alındığı bir vasitədir. Qəzadan sonra qəzaya səbəb olan amilləri müəyyən etmək üçün istifadə olunur.

Qara qutularda hansı məlumatlar saxlanılır?

Qara qutular iki cihazdan ibarətdir: uçuş məlumatlarını qeyd edən (FDR) və kokpit səs yazıcısı (CVR). FDR-də sürət, vaxt, marşrut, hündürlük, mühərrik gücü kimi müxtəlif məlumatları saxlanılır, CVR-də isə pilotların öz aralarında olan danışıqlarını, hava hərəkətini idarə edən qüllələrdəki zabitlərlə radio danışıqlarını qeydə alınır. 

Qara qutuların əsl rəngi ​​nədir?

Adına görə qara qutuların rənginin qara olduğunu düşünə bilərsiniz, amma yanılırsınız. Qəzadan sonra onları aşkar etmək və tapmaq asan olması üçün qara qutular narıncı rəngə boyanır. Qara qutulara niyə bu ad verildiyi barədə dəqiq məlumat yoxdur.

Təyyarədə qara qutular harada yerləşir?

Qara qutular adətən təyyarənin qəza zamanı ən az zərərçəkən hissəsi olan quyruq hissəsində yerləşir.

Qara qutular hansı materiallardan hazırlanır?

Qara qutular alüminium və paslanmayan poladdan hazırlanır. Eyni zamanda, onların istehsalında müxtəlif izolyasiya materiallarından istifadə olunur.

Qara qutular nə qədər möhkəmdir?

Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilib.

Təyyarə qəzasından sonra qara qutuları necə tapmaq olar?

Təyyarədə olan sensorlar zərbədən sonra aktivləşir və siqnallar verməyə başlayır. Bu ötürücülər sayəsində beynəlxalq axtarış-xilasetmə peykləri dağıntıların və qara qutunun yerini müəyyən edir. Lakin bu ötürücülər suyun altında siqnal göndərə bilmirlər. Bu səbəbdən qara qutulara enerjisini batareyalardan alan və suyun altında 30 gün ərzində 2-3 km məsafəyə səs dalğaları yayan ayrıca mexanizm yerləşdirilir.

Qara qutunun ixtirası

1949-cu ildə İngilis aviasiya şirkəti "De Havilland" sərnişinlərə dünyanın ilk reaktiv təyyarəsi olan "Comet"i təqdim etdi. Sürətli və rahat "Comet" ictimaiyyətin heyranlığını qazandı. Lakin 1952-ci ildən bəri müxtəlif vaxtlarda yeddi sərnişin təyyarəsi qəzaya uğradı və xüsusilə son iki təyyarə qəzasında qəzanın nədən qaynaqlandığına dair heç bir şahid və ipucu tapıla bilmədi.

Ən sərfəli kredit üçün müraciət et

O dövrdə bəzi hərbi sınaq təyyarələrində uçuş məlumatlarını maqnit lentlərinə yazan qurğular var idi, lakin bu cihazlar kommersiya təyyarələrində və qəza araşdırmalarında istifadə olunmurdu. 

Avstraliya Müdafiə Nazirliyinin Aviasiya Tədqiqat Laboratoriyalarında (ARL) çalışan alim Devid Uorren (David Warren) düşünürdü ki, təyyarə qəzasından əvvəl son dəqiqələrdə nə baş verdiyini bilmək, qəzanın səbəbini müəyyən etməyə çalışan mütəxəssislərə kömək edəcək. Çünki təyyarədə nasazlıq olsaydı, bunu ən yaxşı təyyarəni idarə edən pilotlar bilərdi. Buna görə də o, təyyarələrdə uçuş məlumatları ilə birlikdə kokpit danışıqlarını qeyd edən qəzaya davamlı cihazdan istifadə etməyi təklif etdi. Uorren 1957-ci ildə mövzu ilə bağlı bir hesabat və prototip hazırladı. Lakin yüksək səviyyəli rəhbərlər Avstraliyada çox az sayda təyyarə qəzası baş verdiyini, bu cihazların təyyarələrdə istifadəsinin baha başa gələcəyini və xoş qarşılanmayacağını bildirərək Uorrenin tələbini rədd etdilər.

Bir il sonra ARL-i ziyarət edən Britaniya Hava Qeydiyyatı Şurasının vitse-marşalı Robert Hardinqem Uorren tərəfindən hazırlanmış qara qutunun prototipini araşdırdı. Qara qutudan təsirlənən Hardinqem Uorreni İngiltərəyə dəvət etdi. Uorrenin aparatı Britaniya aviasiya mütəxəssisləri tərəfindən maraqla qarşılandı. Bundan sonra Uorren mülki təyyarələrdə uçuşların qeyd edilməsini məcburi etmək üçün işə başladı.

Avstraliyaya qayıdanda bu dəfə ARL ona tam dəstəyini verdi. 1962-ci ildə qara qutunun prototipi təkmilləşdirildi və istehsaldan əvvəlki mərhələ başladı. Bu prosesdə qara qutunun həm qeyd, həm də saxlama xüsusiyyətləri daha səmərəli hala gətirildi və cihaz yanğına və zərbəyə davamlı qutuya yerləşdirildi. Təyyarələrdə qara qutuları məcburi edən ilk ölkə 1963-cü ildə Avstraliya olub. ARL və Uorren hazırladıqları qara qutu üçün heç bir patent müraciəti etməyiblər. Beləliklə, bu, qara qutunun digər ölkələrdə də geniş şəkildə istifadəsinə yol açdı.

Qara qutuların gələcəyi

Əksər qəzalarda qara qutular əlçatan olsa da, bəzi təyyarə qalıqlarında qara qutulara və onların içindəki məlumatlara toxunulmaz şəkildə çatmaqda çətinliklər ola bilər. Bu səbəbdən innovativ qara qutular üzərində araşdırmalar aparılır. Məsələn, qəza zamanı təyyarədən uçan qara qutular, həm audio, həm də video yazan qara qutular və peyklər vasitəsilə məlumatları anında ötürən qara qutular bu araşdırmalardan bəziləridir.

Son olaraq əlavə edək ki, qara qutunun inkişafında böyük əməyi olan, onun təyyarələrdə istifadəsini məcburi hala gətirən və bununla da əvvəlki təyyarə qəzalarından əldə edilən məlumatlarla bir çox mümkün qəzaların qarşısını alan Devid Uorrenin atası təyyarə qəzasında faciəvi şəkildə vəfat edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram