Pullarımız hara gedəcək? (ARAŞDIRMA) | Banco.az

Pullarımız hara gedəcək? (ARAŞDIRMA)

Yaxın illərdə Azərbaycanı gözləyən ən böyük problem

“Əgər doğrudan da, neftin qiyməti proqnozlaşdırıldığı kimi 60 dollara düşəcəksə və bu, uzun müddət davam edəcəksə, təbii ki, bu, manatın məzənnəsinə təsir edə bilər”. 

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində iqtisadçı alim, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev bildirib. 

Ümumiyyətlə, iqtisadçı alim qarşıdan gələn müddət ərzində manatın məzənnəsinə iki amilin ciddi təsir göstərəcəyini vurğulayır və bunlardan birincisinin Rusiyada gözlənilən böhranla bağlı olacağını bildirir.

Rusiyada gözlənilənlər isə ürək açmır. Qərbin Rusiyaya sanksiyaları bu ölkədə rublun məzənnəsini kəskin aşağı salmaqda davam edir. Əgər iyulun sonlarında Rusiyada 1 dollar qarşılığında 35 rubl tələb edilirdisə, noyabrın 8-də 1 dolları yalnız 48 rubla almaq olurdu. Hazırda dolların məzənnəsi 45 rubl səviyyəsində qərarlaşıb. Lakin Rusiyanın “QB Finance” informasiya agentliyinin analitiki Madina Abayevanın bu gün mətbuata verdiyi açıqlamaya görə, dollar bu ölkədə 60 rubla qədər möhkəmlənə bilər.

Rusiya Mərkəzi Bankının məlumatına görə, oktyabr ayında bu ölkəni 28 milyard dollar vəsait tərk edib. Mərkəzi Bankın proqnozuna görə, 2014-cü ilin sonuna kimi Rusiyanı 128 milyard dollar tərk edəcək. Daha öncə isə rus mərkəzi bankının proqnozu 90 milyard dollar idi. Yəni vəziyyətin xeyli pisləşməsi mərkəzi bankı pronozlarını dəyişməyə məcbur edib. 

Sanksyalar Rusiya mərkəzi bankının valyuta bazarına yanaşmasını da dəyişib. Əvvəllər rubl dollar və ya avro qarşılığında sutkada 5 qəpik ucuzlaşan zaman mərkəzi bank dərhal bazara valyuta ataraq rublu möhkəmləndirirdi. İndi isə rubl “sərbəst axışa” buraxılıb. 

Bütün bunlar qarşıdan gələn dövrlərdə şimal qonşumuzda vəziyyətin yaxşı olmayacağını güman etməyə imkan verir. Təbii ki, bunun Rusiya ilə çox yaxın əlaqələri olan Azərbaycana təsirləri də qaçılmazdır. Azər Mehdiyevin sözlərinə görə, Rusiyadakı böhranın Azərbaycana təsirləri çoxtərəflidir. 

“Hər şeydən öncə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin bir qismini Rusiya rublunda saxlayır. Həmçinin, Neft Fondunun vəsaitləri hesabına alınan əmlakın bir qismi də Rusiyadadır. Rus rublunun ucuzlaşması birbaşa bu vəsaitlərin qiymətinin aşağı düşməsi demək olacaq”, - deyə iqtisadçı alim vurğulayır. 

Onun sözlərinə görə, böhran Azərbaycanla Rusiya arasında olan ticarət əlaqələrinə də təsir göstərəcək: “Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edir və Rusiyadan ərzaq məhsulları alır ki, böhran bu əməliyyatlara da təsir edəcək”. 

Lakin iqtisadçı ekspertin fikrincə, böhranın ən böyük təsiri Rusiyada fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ölkəyə göndərdiyi pulların məbləğinə olacaq. “Azərbaycan Mərkəzi Bankı (AMB) Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi vəsaitlər barədə açıqlama verməsə də, Rusiya mərkəzi bankı bu vəsaitin 1,5-3 milyard dollar arasında olduğunu açıqlayır. Rusiyada rublun məzənnəsindən asılı olaraq bu vəsaitlərin miqdarı 2 dəfəyə qədər azala bilər. Əgər soydaşlarımızın oradakı qazancı sabit qalsa belə, rublun məzənnəsinin azalması onların ölkəyə göndərdiyi vəsaitləri azaldacaq. Bu isə manatın məzənnəsinə təzyiqləri artıracaq”, - deyə Azər Mehdiyev bildirir.

Onun sözlərinə görə, ümumiyyətlə, manatın məzənnəsinə dünya bazarında neftin qiymətləri də təsir göstərir: “Əgər doğrudan da neftin qiyməti proqnozlaşdırıldığı kimi 60 dollara düşəcəksə və bu, uzun müddət davam edəcəksə, təbii ki, manatın məzənnəsinə təsir edə bilər”

Lakin Azərbaycan hökuməti bu təhlükənin olmayacağını və milli valyutanın məzənnəsinin möhkəmliyini qoruyacağını bəyan edib və Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə çıxışı zamanı ölkənin 15 milyard dollara qədər valyuta ehtiyatının olduğunu bildirib: "Bu gün Mərkəzi Bank dövriyyədə olan bütün manat kütləsini konvertasiya edə bilər. Bu, Azərbaycan valyutasının sabitliyinin əsaslarından biridir",- deyə Rüstəmov bildirib.

İqtisadçı ekspert Samir Əliyev AMB sədrinin fikirlərinə bir qədər fərqli yanaşır. Onun fikrincə, istənilən halda bu, dünya bazarında neftin qiymətinin necə olacağından asılıdır. “2009-cu ildə böhran zamanı neftin qiyməti qısa bir müddətdə aşağı düşdü və həmin il Azərbaycan manatın məzənnəsinin sabit saxlanmasına 1,3 milyard dollar xərclədi. Sonradan bu vəsait aşağı düşdü. 2013-cü ildə manatın məzənnəsinin sabitliyi üçün bazara 1,2 milyard dollarlıq intervensiya edilib. Əgər neftin barrelinin qiyməti proqnozlaşdırılan kimi, uzun müddət 60 dollar ətrafında qalacaqsa, təbii ki, manata təzyiqlər artacaq. Uyğun olaraq, Mərkəzi Bankın manatın sabitliyinin qorunması üçün xərclədiyi vəsaitlər də artıq olacaq. Uzun müddətli perspektivdə 15 milyard dollar valyuta ehtiyatı bunun üçün yetərli olmaya bilər”,- deyə Samir Əliyev ANS PRESS-ə bildirib. 

Təbii ki, uzun müddətli perspektiv üçün vəziyyətin necə olacağı çox amillərdən asılıdır. Amma həm ölkə rəhbəliyi, həm də ekspertlər yaxın illərdə Azərbaycanda manatın məzənənsi ilə bağlı problemin olmacağını bildirirlər. Rusiyanın 1998-ci ildə yaşadığı acı təcrübəni xaiırladan AMB sədri Rüstəmov Azərbaycanın devalvasiyadan imtina etdiyin vurğulayır: “1998- ci ildə öz milli valyutasını yenicə denaminasiya etmiş Rusiyada böhran oldu. Qısa müddətdə 1 dollar 6 rubl idi. Sonra bu rəqəm 24 rubla çıxda. Çox qısa bir müddətdə 6-8 ayda Rusiya iqtisadiyyatı əldə etdiyi üstünlüyü itirdi”.

İqtisadçı alim Azər Mehtiyev də əhalini narahat olmamağa çağırır: “Ən azından gələn il üçün manatın məzənnəsi sabit qalacaq. Gələn il Azərbaycan üçün çox önəmlidir, çünki ölkədə böyük beynəlxalq tədbir - Avropa oyunları nəzərə tutuldur. Hökumət yəqin ki, bütün tədbirləri görərək manatın sabitliyini təmin edəcək”. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə  ANS PRESS 

Ən sərfəli krediti almaq üçün müraciət et