Kartınızdan muğayat olun ki, o da sizin pullardan muğayat ola bilsin.
Bundan ötrü kartdan istifadə zamanı bir neçə təhlükəsizlik qaydasına əməl etsəniz kifayət edər. Bu yolla həm özünüzü, həm də plastik kartınızı qeyri-qanuni hərəkətlərdən qorumuş olarsınız.
İlk növbədə bankomatlarda, POS-terminallarda və internet üzərindən aparılan əməliyyatlar haqqında məlumatın ən qısa vaxt ərzində istədiyiniz mobil operatorun nömrəsinə SMS şəklində göndərilməsi üçün "SMS Xəbərdarlıq" xidmətinə qoşulmağınız məsləhətdir.
Ümumi qaydalar:
- Bank kartlarınızı nağd vəsaitiniz kimi qoruyub saxlayın;
- Telemarketinq, lotereya, reklam aksiyalarında iştirak və ya digər məqsədlər üçün kartın 16 rəqəmli nömrəsini, arxa tərəfində olan 3 rəqəmli CVC kodunu, üzərində qeyd olunan bitmə tarixini və PİN kodu kənar şəxslərə verməyin;
- PİN kodu kartın üzərinə yazmayın;
- Kartı PİN zərflə bir yerdə saxlamayın və daşımayın;
- PİN-kodu bankomata daxil etdikdə, digər şəxslərin görməsinə imkan verməyin;
- Plastik kartınızın yararsız hala düşməməsi üçün mexaniki zədələrdən və güclü elektromaqnit dalğaların təsirindən qoruyun, mobil telefonun yanında saxlamayın;
- Telefon vasitəsilə ictimai yerlərdə başqalarının eşidə biləcəyi yüksək səslə plastik kartınız haqqında məlumat verməyin;
- Kartınızı kənar şəxslərə verməyin və onlara əməliyyat həyata keçirməyi həvalə etməyin;
- Tanımadığınız insanlardan məsləhətləri nəzərə almayın. Çünki bu məsləhətlər fırıldaqçılıq məqsədi daşıya bilər;
Bankomat və POS-terminallardan istifadə zamanı:
- Bankomat ətrafında şübhəli şəxs gördükdə əməliyyat etməyin;
- Bankomatdan istifadə zamanı onun düzgün işləmədiyi aşkar edilərsə əməliyyatdan imtina edərək "Kartı Qaytar" düyməsini basın və kartı geri götürün. Bu halda həmin banka məlumat verməyiniz yaxşı olardı.
- Əməliyyat başa çatdıqdan və ya dayandırıldıqdan sonra bankomat ödəniş kartını geri qaytarmazsa, bankomatın yanından ayrılmadan bank ilə əlaqə saxlayın;
- Bankomatdan istifadə zamanı onun üzərində hər hansı şübhəli, qeyri-adi, kustar üsulla hazırlanmış əlavə cihaz və qurğular (videokamera, mikrofon, klaviatura və s.) aşkarlandıqda bankomatdan qətiyyən istifadə etməməyiniz və bu haqda banka məlumat verməyiniz tövsiyə olunur;
- Şübhə doğuran bankomatlarda, kart qəbulu məntəqələrində və internet səhifələrində əməliyyat həyata keçirməyin;
- Ticarət və xidmət məntəqələrində ödəniş apararkən kartı qətiyyən nəzərdən qoymayın. Əməliyyatın kart sahibinin iştirakı ilə aparılmasını tələb edin;
- POS-terminallardan başqa kənar cihazlar vasitəsi ilə kartın oxunmasına icazə verməyin;
- Əməliyyatdan sonra kartın Sizə qaytarıldığında, əsl kartın qaytarılmasına əmin olun.
- Kart vasitəsilə məhsul və xidmətlərin dəyəri ödənilərkən qəbzin verilməsini tələb edin. Qəbzin üzərində ödənişin məbləğinin və valyutasının olmasına diqqət yetirin;
İnternetlə alış veriş zamanı:
Onlayn alış-veriş əsnasında sifariş hissəsinə gəldiyinizdə internet saytının SSL istifadə etməsinə əmin olun. Saytın bu cür təhlükəsizlik standartından istifadə edib-etməməsini bir neçə şəkildə başa düşmək olar.
Web ünvanının başında http deyil, https ifadəsi görməlisiniz, ayrıca bir də kilid, ya da açar simvolu ola bilər. SSL-dən istifadə kredit kartı nömrəsi kimi transfer edilən məlumatlar qorunur və üçüncü şəxs tərəfindən görünmür. Şübhə etsəniz saytın adı ilə birlikdə "saxta" "fırıldaqçı" sözlərini Google-da axtarın. Bunun sayəsində saytın keçmişi haqqında məlumatınız olar.
- Xidmətlərindən istifadə etdiyiniz internet səhifələrin həqiqiliyindən əmin olun, çünki fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsi məqsədilə oxşar səhifələr yaradıla bilər;
- Təqdim etdiyi xidmətlər baxımından artıq tanınmış və təhlükəsiz hesab olunan təşkilatların internet səhifələrindən istifadə etməyiniz tövsiyə olunur;
- İnternet üzərindən plastik kartlar vasitəsilə əməliyyatları şəxsi kompüter vasitəsilə həyata keçirməyə çalışın. Əks təqdirdə daxil edilən məlumatların silinməsinə diqqət edin;
- İnternet şəbəkəsində ödənişlərin edilməsi üçün ayrıca plastik kart və ya internet kartı (debet və ya Virtual kart) əldə etməyiniz və bu kart hesabına ödənişlərin məbləğləri çərçivəsində vəsait mədaxil etməyiniz tövsiyə olunur;
- İnternet əməliyyatları həyata keçirən zaman PİN kodu sayta qətiyyən daxil etməyin. PİN kod tələb edilən saytlarda əməliyyat aparmayın;
- E-mail və ya telefon vasitəsilə kart məlumatları barədə informasiya istənilərsə qətiyyən cavab verməyin. Bu bir fırıldaqçılıq əməliyyatı ola bilər, çünki banklar müştərilərə bu növ sorğular göndərmirlər.
- Yaşayış və ya iş ünvanına hədiyyə olaraq plastik kart göndərildiyi halda bankla əlaqə saxlayın;
Kart itirildikdə, yaxud oğurlandıqda dərhal kartın verildiyi bankla və ya onun xidmət olunduğu prosessinq mərkəzi ilə əlaqə saxlayın və kartı bloklaşdırın. Müntəzəm olaraq müştərisi olduğunuz bankın filiallarından və bankomatlarından hesabdan çıxarışlar əldə etməklə kart hesabınıza nəzarət edin. Xarici ölkələrə səfər edərkən, yüksək məbləğli əməliyyatların aparılması gözlənildikdə, imkan daxilində həmin bankın müvafiq filiallarına məlumat verə bilərsiniz. Risk dərəcəsinə aid olan ölkələrdə əməliyyatlar apararkən xüsusilə diqqətli olun. Bu ölkələr sırasına aşağıdakı bölgələr aiddir: Afrika, Cənubi Amerika, Cənub-Şərqi Asiya (Tailand, Filippin), Şərqi Avropa (Ukrayna və s).
Ödəniş kartından istifadə zamanı yaranan problemlərin həll edilməsi üçün kartın arxa tərəfindəki əlaqə nömrələri vasitəsilə bankla əlaqə saxlamağınız və əlaqə nömrələrini mobil telefonunuzun yaddaşına qeyd etməyiniz tövsiyə olunur. Söhbət həm kartı aldığınız bankın, həm də ona xidmət göstərən prosessinq mərkəzinin nömrələrindən gedir. Bankomatların ekranında olan məlumatlardan başqa, üzərinə hər hansı fiziki şəkildə yapışdırılmış nömrələrə qətiyyən zəng etmək olmaz.
Könül Soltanova/ Banco.az