Pentaqon "Alibaba" və "BYD" ilə bağlı vacib qərar qəbul edib | Banco.az

Pentaqon "Alibaba" və "BYD" ilə bağlı vacib qərar qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pentaqon Çin ordusuna kömək edən şirkətlər siyahısına “Alibaba”, “Baidu” və “BYD” şirkətlərini də əlavə edib.

Banco.az xəbər verir ki, siyahının xüsusilə “Alibaba” şirkətinin ön planda olması fonunda, ABŞ prezidenti Donald Trampın aprel ayında baş tutması planlaşdırılan Çin səfəri ərəfəsində açıqlanması diqqət çəkib. Trampın Pekində Çin dövlət başçısı Şi Cinpin ilə keçirəcəyi görüşdə “Nvidia” şirkətinə məxsus H200 çiplərinin Çinə ixracı planlarının müzakirə olunacağı gözlənilir. “Alibaba” da bu çipləri əldə etmək istəyən şirkətlər sırasında yer alır.

Siyahıda, həmçinin “RoboSense Technology” və “TP-Link Technologies” şirkətləri də qeyd olunub. Siyahıya daxil edilmək süni intellekt sahəsində qlobal miqyasda rəqabət qabiliyyətini artırmağa çalışan “Alibaba” üçün ciddi çətinliklər yarada bilər. Şirkətin sözçüsü açıqlamasında bildirib ki, “Alibaba”nın bu siyahıya salınmasını əsaslandıran heç bir dəlil yoxdur və şirkətin yanlış təqdim edilməsinə yönəlmiş cəhdlərə qarşı bütün hüquqi addımlar atılacaq.

İlk dəfə 2021-ci ildə dərc olunan siyahıda Çin ordusu ilə əməkdaşlıqda ittiham edilən yüz otuzdan artıq qurum yer alır. Siyahıya hava nəqliyyatı şirkətləri, tikinti müəssisələri, daşıma şirkətləri, kompüter avadanlığı istehsalçıları və rabitə sahəsində fəaliyyət göstərən təşkilatlar daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram