Pensiyaçıları verilən kredit xətti– nağdsız ödənişlərin stimullaşdırılması | Banco.az

Pensiyaçıları verilən kredit xətti– nağdsız ödənişlərin stimullaşdırılması

Hamımız yaxşı bilirik bu gün ölkəmizdə bütün pensiyaçılar öz təqaüdlərini plastik kart vasitəsi ilə alır, hər dəfə təqaüdlərin verilməsi başlayanda bankomatlar qarşısında ucu-bucağı görünməyən növbələr yaranır. Səbəb isə odur ki, heç bir istisnasız olaraq bütün təqaüdçülər pulunu dərhal bankomatdan çıxarmağa, yəni nağdlaşdırma etməyə çalışır. Sanki kartda qalan pul onun özünün deyil, başqasınındır. 

Qeyd edək ki, bu il üçün pensiyaçıların orta illik sayı 1 270,8 min nəfər nəzərdə tutulub ki, bu da ötən ilin göstəricisindən 1 100 nəfər azdır. O cümlədən, yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.  Deməli əhalinin əhəmiyyətli dərəcədə hissəsinin həyatında pensiyalar vacib rol oynayır.

Xatırlayırsınızsa, bir neçə gün öncə pensiyaçılara kredit verilməsi ilə bağlı xəbər bütün gündəmləri əhatə etdi.

DSMF-nin sədri Elman Mehtiyev “Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi zamanı bildirmişdi ki,  “Pensiyaçılar plastik kartlar vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəklər”. Pensiyaçılara,  plastik kartlarına daxil olan vəsaitləri istifadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğlərində kredit ayrılacaq. Bu krediti heç bir əlavə xərc ödəmədən əldə etmək mümkündür. Kreditə görə hər hansı bir faizlərin və ya komisyon haqların tutulması yol verilməzdir.

Ən sərfəli kredit üçün müraciət et

DSMF-nin Azərbaycan Beynəlxalq Bankı ilə əldə etdiyi razılığa əsasən “Pensiya+” kredit xəttini istifadəçilər 3 aya ödəyəcək. Yəni pensiyaçıların xərclədiyi 100 manat məbləğ 3 hissəyə bölünərək, onların pensiyasından növbəti 3 ay ərzində tutulacaq. 

Bu məbləğ isə yalnız pos terminallar vasitəsi ilə istifadə olunacaq. Yəni nağd qaydada bu pulu gedib bankomatdan çıxarmaq mümkün olmayacaq.. Pulu yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər) istənilən zaman xərcləmək mümkün olacaq.

Şərtlərdən də görünür ki, layihənin əsas məqsədi pensiyaçıları plastik kartlar və pos terminallardan istifadəyə cəlb etmək etməkdir. Belə ki kredit ancaq nağdsız ödənişlərdə istifadə üçündür.

Təbiidir ki, kimlər üçünsə 100 manat civarında kredit xətti çox cüzi görünür və yaşlı təbəqə pulu nağd şəkildə istifadəyə vərdiş edib. Amma əhalinin məhz həmin hissəsində nağdsız ödənişlərdən istifadə vərdişinin formalaşdırılması cəhdi özlüyündə çox təqdirəlayiqdir.

Nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində dövlət tərəfindən daha geniş layihələrin dəstəklənməsi də gözlənilir. 

Ən sərfəli krediti almaq üçün müraciət et