Paşa Bankın əsas kapitalı insanlardır – Sona Abbasova | Banco.az

Paşa Bankın əsas kapitalı insanlardır – Sona Abbasova

Artıq neçə ildir ki, “PAŞA Bank” və “British Council Azərbaycan” birlikdə “Gələcəyə Təşəbbüs” adlı yazı müsabiqəsini gerçəkləşdirir. Müsabiqənin qalibləri Londonda 3 həftəlik yay məktəbi proqramında iştirak edirlər. 

Qalib olan işlər “British Council Azərbaycan” və “PAŞA Bank”ın nümayəndələri tərəfindən yoxlanılaraq, seçilir. Qaliblərin təltif olunma mərasimi isə İyulun 18-də Park İnn otelində baş tutdu. Mərasimdə iştirak edən PAŞA Bank-ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasovanın layihə ilə bağlı təəssüratları ilə maraqlandıq:

“Artıq dördüncü dəfədir ki, biz bu layihəni təşkil edirik və ildən ilə daha da maraqlı və həyəcanlı keçir. İlk il yadımdadır ki, çoxları layihə ilə bağlı  geniş məlumata sahib deyildi, yetərincə bilmirdi. Sonra artıq proqramın adı özü bir brend halına gəldi.  Oxuduğumuz esselərin keyfiyyəti həmişə yaxşı olsa da, ildən-ilə iştirakçılar arasında rəqabət hissi və həyacan daha da  artır.
Paşa Bankın əsas kapitalı insanlardır. Cənab prezidentimiz İlham Əliyev də neft kapitalının insan kapitalına köçürülməsini əsas prioritet kimi götürür. Biz də təbii resursların insan resurslarına köçürülməsinin tərəfdarıyıq. Biz Paşa Bank olaraq, bu fikri çox dəstəkləyirik və Azərbaycanın iqtisadi inkişafında insanların rolunu göz qabağımıza gətirərək, məhz bu səbəbdən  gənclərimizin iqtisadi inkişaflarına dəstək olmaq, onların iqtisadi biliklərini genişləndirmək üçün öz əlimizdən gələni edirik.

 

Layihənin davamlılıq yolunda hansı addımlar atılır. Məsələn, iştirakçılar Londondan qayıdandan sonra onlarla əlaqə qurulurmu? 
 

Bəli, bizim belə qrupumuz vardır “Paşa Bankın dostları” adı altında.  Hər dəfə bizim layihələrimizdə iştirak edən tələbələrin rekvizitləri həmin məlumatlar bazasına yığılır. Keçən il Avstraliyaya gedən bir qrup tələbimiz olub. O iştirakçılardan biri “Paşa Bankın dostları” klubunun rəhbəridir.  İndi o, Avstraliyadan qayıdandan sonra bu işi daha da genişləndirəcəyik. O, da bizim “alumni”-lərdən biridir. Biz, onlara “Paşa Bank alumni association” deyirik.  Onlar ilə münasibətdə həm işə götürmə zamanı preferans olur, həm intern proqramlarında iştirak edirlər.  İndi bizim Paşa Bankda çox gözəl intern proqramımız var, orda bizim layihələr üzrə iştirakçı olmuş üzvlər iştirak edir, bilirsiniz ki, layihəmiz təkcə bu deyil. Məsələn “Mən Paşa Bankın təqaüdçüsüyəm”, daha sonra “Bank in action” var, Junior Achievment ilə birlikdə həyata keçiririk.  

Bütün bu layihələrdə iştirak etmiş tələbələr haqqında bilgilər bizim  həmin  məlumat bazasındadır.  Və biz həmin bilgiləri insan qaynaqları departamentinə göndəririk, onlar  isə lazım kadrlar haqqında məlumatları digər departamentlərə göndərir.  Artıq 6 təcrübəçi bizimlə fəaliyyət göstərir və davamı da gələcək.

Hazırda gerçəkləşməkdə olan hansı digər KSM layihələriniz vardır?

Jurnalistlərlə bizim bilirsiniz ki, neçə illik bir layihəmiz var, bu biznes və bankinq jurnalistika proqramıdır  ki,  İngiltərədən treynerlər gəlir və burada həmin sahə üzrə çalışan jurnalistlər üçün treyninqlər təşkil olunur. Biz bu layihəni də “British Council” ilə birlikdə həyata keçiririk, bizim uzunmüddətli və ən etibarlı tərəfdaşlarımızdan biridir, British Council.  Biz artıq işlərimizin müsbət nəticələrini görürük”. 

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra isə müsabiqədə qalib olmuş və Londona yola düşəcək iştirakçılardan biri olan - Azərbaycan Diplomatik Akademiyasının tələbəsi - Ruqiyyə Qəhrəmanlının təəssüratlarını öyrəndik:

“İlk öncə ADA universitetində təqdimat oldu və əvvəlcə həmin təqdimata qatıldım. Daha sonra öz essemi yazıb təqdim etdim və məni müsahibə mərhələsinə çağırdılar.  Müsahibə mərhələsi üçün 10 nəfər seçilmişdi.  Deyilənə görə ümumi müsahibəyə 200-ə yaxın inşa qəbul edilmişdi.  200 nəfərin içərisindən əvvəlcə ilk onluğa düşdüm və daha sonra isə beşliyə düşdüm və Londona getmək imkanı qazandım”.

Layihə haqqında necə xəbər tutmuşdunuz?

Əslində mən birinci kursda oxuyandan bu layihə haqqında məlumatım var idi. Sadəcə, ilk təhsil ilində biz ADA –da əsasən dil biliklərimizi möhkəmləndiririk.  Dünya görüşümüa artsa belə, mən özümü həmin vaxt bu inşanı yazmaq üçün hazır hesab etmirdim.  3-cü kurs tələbəsi olduqda artıq bəzi sahələrdə biliklərimin çox güclü olduğuna əmin oldum, daha sonra onları tətbiq etmək qərarına gəldim. Məsələ orasındandır ki, inşanın mövzusunu alanda  həmin zaman nə qədər araşdırma aparsan da onu yaxşı yazmaq olmur. Gərək həmin sahədə daha öncədən formalaşmış “background” (bilik platforması ) olsun ki, istədiyin kimi yaza biləsən. Ona görə də düşünürəm ki, bu il həmin inşanı yazmaq üçün ən hazırlıqlı vaxtım idi. Biliklərim yetərincə var idi və bir az da araşdırma edib yazdım. Biz hazırda üç həftəlik yay məktəbinə gedirik .

 Ümid edirəm  sizin üçün çox faydalı olar. Bir daha təşəkkür edirəm.

Qeyd edək ki, layihənin 5 nəfər qalibi Birləşmiş Krallığın dünyaca məşhur “King’s College London” ali məktəbində cari ilin iyul-avqust ayları ərzində biznes üzrə yay kurslarında iştirak etmək şansını əldə edib
1.    Aysel Soltanlı - Qafqaz Universitetinin tələbəsi
2.    Zeynəb Dadaşova - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
3.    Ruqiyyə Qəhrəmanlı - Azərbaycan Diplomatik Akademiyasının tələbəsi
4.    Toğrul İsmayılov - Qafqaz Universitetinin tələbəsi
5.    Firəngiz Ağayeva - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

İlk onluğa düşən digər iştirakçılar da hədiyyəsiz qalmayıb, onlara Paşa Bank tərəfindən hədiyyələr və British Council tərəfində sertifikatlar təqdim olunub.  

Könül Soltanova | [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et