PAŞA Bank regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləyir | Banco.az

PAŞA Bank regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləyir

Dünyada COVİD-19 pandemiyasının geniş yayılması bir çox biznes sahələrinə, xüsusən də kiçik və orta sahibkarlığa mənfi təsir göstərməkdədir. Mövcud vəziyyətdə həmin bizneslərə dəstəyin verilməsi, habelə əhalinin sosial müdafiəsi gündəmdə olan prioritet məsələlər sırasındadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Dövlət tərəfindən yaradılmış maliyyə və təşviq institutları və fondları yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş təxirəsalınmaz tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır.

Ölkənin ən iri korporativ bankı olaraq PAŞA Bank Memoranduma əsasən regionlarda həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə öz dəstəyini göstərir. Belə ki, Azərbaycanın Gəncə-Kəpəz, Goranboy, Mingəçevir, Qax, Quba, Qusar, Samux, Şabran və Şəki rayonlarında məskunlaşan bir sıra məcburi köçkün və ya əlillik dərəcəsi olan vətəndaşlar öz bizneslərini qurmaq və idarə etmək üçün Bank tərəfindən biznes sahəsinə uyğun olaraq alınmış vasitələr və avadanlıqlarla təmin edilmişdir. Qeyd etmək lazımdır ki, PAŞA Bank tərəfindən göstərilən dəstək adı çəkilmiş regionlarda fəaliyyətə başlayacaq sahibkarlara mövcud böhrandan sonrakı dövrdə də uzun müddət ərzində bizneslərini inkişaf etdirməyə imkan yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bu təşəbbüs haqqında söz edərkən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov “Dayanıqlı inkişafın təminatı üçün atılan addımlar çərçivəsində əhalinin həssas qrupları üçün özünəməşgulluq imkanlarının yaradılmasının böyük rolu var. Bank icması olaraq biz də birgə səylərimizlə bu qrupdan olan hörmətli vətəndaşlarımızı biznesə qazandıraraq, onların öz ailələrinə, yaşadıqları cəmiyyətə və ölkəyə verimliliklərinin artırılmasına vəsilə oluruq. PAŞA Bank olaraq biz bu tip təşəbbüslərə dəstək verməyə hər zaman hazırıq”, deyə bildirdi.

Ən sərfəli krediti almaq üçün müraciət et