“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur | Banco.az

“PAŞA Bank” Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsorudur

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 12 mart 2025-ci il tarixində Bakıda keçirilmiş Milli Maliyyə Əlçatanlığı Forumunun qızıl sponsoru qismində çıxış etmişdir. Tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu təmsilçiləri, kommersiya bankları və fintech şirkətlərinin nümayəndələrindən ibarət 150-dən çox şəxsin iştirakı ilə həyata keçirilib.

Forumda istiqraz və səhm bazarlarının inkişaf perspektivləri, regional və qlobal fond bazarlarına çıxış imkanları, innovativ maliyyə alətlərinin iqtisadiyyatda tətbiqi, dayanıqlı inkişafı təmin edən “yaşıl maliyyə” və milli Ekoloji, Sosial və İdarəetmə (ESİ) standartları kimi aktual mövzular müzakirə edilib. Tədbirdə kiçik və orta sahibkarlığa (KOS) dəstək mexanizmləri, “startup” seqmenti üzrə trendlər və çağırışlara dair geniş fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində keçirilən müzakirə panelində “PAŞA Bank”ın kreditləşmə, innovasiya və xidmətlərin optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov iştirak etmişdir. O, bank sektorunda innovativ yanaşmalar, məlumat idarəetməsinin rolu, yeni texnologiyaların tətbiqi barədə fikirlərini bölüşərək, Bankın müştəri təcrübəsinin təkmilləşdirilməsinə və KOS müştəriləri üçün maliyyə əlçatanlığını artırmaq istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Milli Maliyyə Əlçatanlığı Forumu “Azərbaycan Milli Biznes Assosiasiyası” və “Caspian Energy Club” tərəfindən təşkil olunmuşdur.